Giqqz London Olimpiadasının ən yaşlı futbolçusudur
13.07.2012 - 18:54
Giqqz London Olimpiadasının ən yaşlı futbolçusudur
Məşhur uelsli futbolçu Rayan Giqqz iyulun 27-də Londonda start götürəcək Olimpiadanın ən yaşlı oyunçusu olacaq. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya yığmasının heyətində yer alan “Mançester Yunayted”in yarımmüdafiəçisinin noyabrın 29-da 39 yaşı tamam olacaq. Futbol yarışın ən gənc üzvü isə Qabon yığmasının oyunçusu Muller Dindadır. Onun sentyabrda 17 yaşı tamam olacaq. Bu isə o deməkdir ki, Muller Rayandan 21 yaş 9 ay 7 gün kiçikdir. Yəni Giqqz Dindanın atası yerinə düşür.

Ümumiyyətlə, Qabon yığması turnirin ən gənc komandası olacaq. Onun orta yaşı 21 il 5 ay təşkil edir. Ən yaşlılar isə britaniyalılar olacaq ki, onlarda orta yaş 23 yaş 9 aydır. Olimpiyaçıların mübarizəsində ən təcrübəli futbolçu “Real”ın braziliyalı sol cinah müdafiəçisi Marselodur. Belə ki, Olimpiadada 6 oyun keçirən futbolçu 4 il öncə Pekində bürünc medalçı olub.

Ən çox futbolçu Belarusun BATE klubundan olacaq – 6 nəfər. Böyük Britaniya ilə yanaşı, Misir, Birləşmiş Ərəb Əmirlikləri yığmalarının futbolçuları yalnız yerli klublardandır. Seneqal yığmasında isə 18 futbolçudan yalnız 1-i vətəndə oynayır.

Qeyd edək ki, Olimpiadada 1989-cu ilin yanvarın 1-dən sonra anadan olan futbolçular oynamaq hüququna malikdir. İştirakçı 16 yığma yaş məhdudiyyəti olmayan 3 futbolçunun adını iştirak ərizəsinə daxil edə bilər.
0