285-ci sınaqda 55-ci qələbə sevdası
15.11.2022 - 14:28
285-ci sınaqda 55-ci qələbə sevdası

Azərbaycan milli komandası sabah növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız Moldova ilə görüşdə qüvvəsini sınayacaq.

Kişinyovdakı yoldaşlıq oyunu komandamızın tarixində 285-ci sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 284 matça çıxıb. 

Bu müddətdə 54 qələbəsi olan yığmamız 55-ci uğur üçün mübarizə aparacaq. Komandamız indiyədək 76 heç-heçə edib və 154 dəfə uduzub. Əvvəlki 284 qarşılaşmada 212 qol vuran futbolçularımız 468 top buraxıb.

“Zimbru” stadionundakı sınaq baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 29-cu sınaq olacaq. İtaliyalı mütəxəssis indiyədək yığmanı 28 matça çıxarıb. Bu görüşlərdə 5 qələbə və 7 heç-heçəsi olan millimiz 16 dəfə uduzub. 20 qol vuran komanda 36 top buraxıb.

Bu, italiyalı ilə 9-cu yoldaşlıq görüşüdür. Əvvəlki 8 oyunda 1 qələbə, 2 heç-heçə və 5 məğlubiyyəti olan yığmamız 6 qol vurub, 10-nu buraxıb.

Moldova ilə duel yoldaşlıq oyunları və qeyri-rəsmi beynəlxalq turnirlər çərçivəsində 133-cü matçdır. Əvvəlki 132 sınaqda 35 qələbə və 44 heç-heçəsi olan milli 53 dəfə məğlubiyyətə üzülüb. 121 qol vuran futbolçularımız 167 top buraxıb. 

Qeyd edək ki, sabah baş tutacaq Moldova - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 

0