AVRO-2020-nin yarımfinalına yüksələn Danimarka millisi 29 ildən sonra belə uğura imza atıb.
Apasport.az saytının məlumatına görə, şimallılar 1992-ci ildən sonra belə nəticəyə həsrət idi.
Danimarkalılar 29 il öncə qitə çempionatına son anda Yuqoslaviyanın əvəzinə qatılıb və yekunda sürpriz çempionluq əldə edib.
Ondan sonra 2004-cü ildə 1/4 finalda, 1996-cı, 2000-ci və 2012-ci illərdə qrupda qalan komanda 2008-ci və 2016-cı illərdə seçmə mərhələdə dayanıb.
Maraqlıdır ki, 29 il əvvəlki kimi yenə danimarkalılar ekstremal vəziyyətlə qarşılaşıb. İlk oyunda aparıcı futbolçusu Kristian Eriksenin ürəktutması üzündən huşunu itirməsi və ardıcıl iki məğlubiyyət yığmanı sanki daha da motivasiyalı edib. Danimarkalılar startda iki dəfə uduzandan sonra yarımfinala yüksələn ilk komanda kimi tarixə düşüb.