3:2 varsa, mərhələ bizimdir
25.07.2022 - 12:59
3:2 varsa, mərhələ bizimdir

Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”lə görüşən “Qarabağ” evdə keçirilən ilk oyunda 3:2 hesabı ilə qalib gəlib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolu tarixində 4-cü dəfə təmsilçimiz avrokubok matçında bu hesabla qələbə qazanıb.

Tarix göstərir ki, komandalarımız 3:2 hesabı ilə qalib gəldiyi duellərdə mərhələ adlayan tərəf olub. Düzdür, əvvəlki üç hadisədən ikisi cavab matçına təsadüf edib. İlk oyundakı 3:2 isə səfərdə əldə olunub.

Bir sözlə, “Qarabağ” rəqib meydanında 3:2-lik üstünlüklə çıxacaq ilk komandamızdır. Amma istənilən halda, əvvəl qeydə alınan belə nəticələrə nəzər salmağa dəyər.

Bütün bu nəticələr Avropa Liqasında yaşanıb. 12 il öncə Polşada “Visla”nı 1:0 hesabı ilə yenən “Qarabağ” Bakıdakı 5 qollu görüşdə tur adlayıb – 3:2.

2014-cü ildə “İnter” “Tiraspol”u Moldovada, “Neftçi” “Çixura”nı Gürcüstanda bu hesabla məğlub edib. Hazırda “Şamaxı” adlanan sabiq “bankirlər” ilk görüşdəki uğuru cavab qarşılaşmasında da davam etdirib – 3:1. “Neftçi” isə evdəki qolsuzluqdan sonra mərhələni məhz Gürcüstanda adlayıb. 

Qeyd edək ki, “Sürix” – “Qarabağ” oyunu iyulun 27-də baş tutacaq.
 

0