Belçika İtaliyaya uduzdu – AVRO-2020-də
03.07.2021 - 00:56
Belçika İtaliyaya uduzdu – AVRO-2020-də

AVRO-2020-nin 1/4 final mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, ilk günün ikinci oyunu Almaniyada baş tutub.

Münhendəki görüşü erkən final da adlandırmaq olardı. Çünki əsas favoritlər Belçika ilə İtaliya yarımfinala vəsiqə uğrunda matçda qarşılaşıb. Hər iki komandanın Avropa çempionatlarında buna qədərki son 14 oyunda ardıcıl qələbə qazanması görüşə olan marağı daha da artırırdı.

Gözlənildiyi kimi, azarkeşlər kifayət qədər sürətli oyuna tamaşa ediblər. “Skuadra Adzurra”nın erkən qolu VAR sistemi tərəfindən ofsayd olduğu üçün ləğv olunsa da, komanda hissənin ortalarında istəyinə çatıb. Belçikanın üstün olduğu dəqiqələrdə Nikolo Barella yaxın məsafədən dəqiq zərbə ilə italyanları önə keçirib. Fasilə ərəfəsində daha 2 qol qeydə alınıb. Əvvəlcə Lorenzo İnsinye möhtəşəm qolla rəqibi ikinci dəfə mərkəzə dəvət edib. Lakin cəmi 3 dəqiqə sonra Romelu Lukaku penalti qolu ilə fərqi minimuma endirib.

Baxımlı və açıq oyun ikinci hissədə də davam edib. Hər iki komanda sürətli hücumlarla qol imkanları yaradıb. Xüsusən də, belçikalılarda Lukaku iki dəfə yaxın məsafədən boş qapıya düşə bilməyib. Bu da komandasının məğlubiyyətdən qaçmaq ümidinin üstündən xətt çəkib. Nəticədə minimalhesablı qələbə qazanan “Skuadra Adzurra” yoluna davam edib.

İtaliyanın yarımfinaldakı rəqibi İspaniya olacaq. Final yolunda son duel iyulun 6-da Londonda keçiriləcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu iyulun 3-də olacaq. Çexiya ilə Danimarka Bakı vaxtı ilə saat 20:00-da paytaxtımızda, İngiltərə ilə Ukrayna isə 23:00-da Romada üz-üzə gələcək.

AVRO-2020
1/4 final
2 iyul

23:00. Belçika – İtaliya - 1:2
Qollar:
Romelu Lukaku, 45+2 (pen.) - Nikola Barella, 31, Lorenzo İnsinye, 44
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen. “Alyans Arena”
 

0