Elçin Əsədovun finişə çata bilməməsinin səbəbi – federasiya rəsmisi aydınlıq gətirdi
25.07.2021 - 15:40
Elçin Əsədovun finişə çata bilməməsinin səbəbi – federasiya rəsmisi aydınlıq gətirdi

Azərbaycan velosipedçisi Elçin Əsədovun Tokio-2020 Yay Olimpiya Oyunlarında finişə çata bilməməsinin əsl səbəbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, buna Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev aydınlıq gətirib.

O bildirib ki, problemlərlə üzləşən Elçin özü deyil, təşkilatçılar tərəfindən yarışdan kənarlaşdırılıb: “Elçinin özü ilə də bu barədə danışmışam. Yarışın qaydalarında belə bir müddəa var ki, liderdən böyük fərqlə - 20-30 dəqiqə qalan hər hansı idmançı yarışdan çıxa bilər. Bu limit yarışdan fərqli olaraq dəyişir. Əsədov da bu limitə görə yarışı dayandırıb. O, bir az geri qalıb. Eyni zamanda ayağında qıcolma baş verib. Velosiped idmanında bu normal durumdur. Onlar tez-tez bu halla üzləşir”. 

Şose yarışında start xətinə çıxan Elçinin finişə çatmaması ilə bağlı müxtəlif mülahizələr irəli sürülür, ona vaxtında su və qida çatdırılmaması iddiaları ortaya atılsa da, Musayev məsələnin təfərrüatını açıqlayıb: “Elçin həm geri qalıb, həm də ayağı qıc olub. O da dayanmaq məcburiyyətində qalıb. İdmançımız dayandıqda ətrafdakı tamaşaçılardan ona yaxınlaşanlar olub. Koronavirusla bağlı vəziyyətin Yaponiyada necə olduğu hamı bilir. Yarışın komissarı da Əsədovun qıc olduğunu, üstəlik tamaşaçıların ona yaxınlaşdığını görərək təmsilçimizi yarışdan çıxarıb. Qıcolma elədir ki, olur və keçir, idmançı da özünə gəlir. Bəzən idmançılar ayaqlarına iynə də batırırlar ki, bu, tez keçsin. Bu məsələ yoluna qoyulacaqdı, qıcolma keçdikdən sonra Elçin yarışa davam edə bilərdi. Lakin ona insanların yaxınlaşması, üstəlik geridə qalması komissarı koronavirusa görə bir neçə idmançı barədə belə qərar verməsi ilə nəticələnib. Yəni Elçin özü istəyərək yarışdan çıxmayıb və komissarın tələbi ilə mübarizəni dayandırmağa məcbur olub”.
 

0