AVRO-2020-nin ikinci yarımfinal matçı bəzi maraqlı məqamlarla əlamətdar olub.
Apasport.az saytı İngiltərə - Danimarka qarşılaşmasının (2:1, əlavə vaxtda) statistik məqamlarını təqdim edir.
AVRO-2020-də 7-ci dəfə əlavə vaxt zərurəti yaranıb. Bu, qitə çempionatlarının rekordudur. Böyük turnirlərdən yalnız DÇ-1990 və DÇ-2014-də daha çox – 8 belə hadisə yaşanıb.
Qitə çempionatlarında 5-ci dəfə hər iki yarımfinalda əlavə vaxt oynanılıb. 1976, 1984, 1996 və 2000-ci illərdə də finalçılar belə müəyyənləşib.
Danimarkalı Simon Kyer turnirdə 11-ci avtoqolun müəllifi olub. İndiyədək bütün çempionatlarda ümumilikdə 9 dəfə futbolçular topu öz qapısına vurub.
İngiltərə tarixində ilk dəfə Avropa çempionatının finalına çıxıb.
Ümumilikdə isə İngiltərə DÇ-1966-dan 55 il sonra finala yüksəlib. Bu, hər hansı Avropa komandasının iki finalı arasındakı ən böyük fərqdir.
Harri Keyn AVRO-2020-dəki qol sayını seçmə mərhələ ilə birlikdə 16 topa çatdırıb. Bu, Kriştiano Ronaldonun cari çempionatda imza atdığı rekordun təkrarıdır.
Harri Keyn böyük turnirlərin final mərhələlərində ən çox qol vuran İngiltərə futbolçusu Harri Linikerin rekordunu təkrarlayıb – 10 top.
Harri Keyn Avropa çempionatları tarixinə əlavə vaxtda penaltidən yararlana bilməyən ilk oyunçu kimi düşüb.
Harri Keyn Avropa çempionatının final mərhələsində qaçırdığı penaltini təkrar zərbə ilə tora qovuşduran ikinci oyunçudur. Şimali Makedoniyalı Alioski də eyni taleyi yaşayıb.
Mikkel Damsqard AVRO-2020-də cərimə zərbəsindən qol vuran ilk futbolçu olub.
İngiltərə Avropa çempionatının final mərhələsində 5 quru oyun keçirib və seriya Danimarka ilə görüşdə qırılıb. Mütləq rekord AVRO-2012 və AVRO-2016-da 7 quru oyun keçirən İspaniyaya məxsusdur.
Cordan Pikfordun quru seriyası 479 dəqiqə davam edib. O, turnirin tarixində 5-ci göstəriciyə imza atıb. Niderlandlı Edvin Van der Sar 594, ispaniyalı İker Kasilyas 509, italiyalı Dino Zoff 494, almaniyalı Manuel Noyer 491 dəqiqə qapısını toxunulmaz saxlayıb.
İngiltərə millisi martdan sonra ilk qolunu buraxıb. Onların quru seriyası 691 dəqiqə sürüb.
Cordan Pikford ümumilikdə 749 quru dəqiqə keçirib. O, Qordon Benksın 1966-cı ildəki 720 dəqiqəlik rekordunu arxada qoyub.
“Çelsi” yeganə klub olub ki, yarımfinalçıların dördünün də heyətində təmsil olunub.