DÇ-2018-də də yarımfinala çıxan İngiltərə millisi Danimarka səddini adlamaqla Avropa çempionatlarında ən yüksək nəticəsinə imza ata bilər.
Apasport.az saytının məlumatına görə, ingilislərin bu yarışda qapılarından top buraxmadan irəliləmələri diqqət çəkir.
AVRO-2020-də beş matçdan dördünü Londonda oynayan İngiltərə millisi üçün yarımfinal və final qarşılaşmalarının da “Uembli” stadionunda keçiriləcəyini əlavə üstünlük saya bilərik.
Amma təbii ki, “Uembli” qələbəyə zəmanət vermir. İngilislər sonuncu dəfə burada penaltidən buraxdıqları qol üzündən elə danimarkalılara məğlub olublar – 0:1. Həmin hadisədən doqquz aya yaxın vaxt keçib.
Danimarka millisi də 1992-ci ildə Avropa çempionu olduqdan sonra ən yüksək nailiyyətə imza ataraq böyük turnirlərdə yarımfinala çıxa bilib.
Danimarkanın AVRO-2020-də ən texnikalı komandalarından biri olması, həmçinin 7 futbolçusunun İngiltərə çempionatında çıxış etməsi də maraqlı məqamlardandır.
Bugünkü oyunda diqqətlər həmçinin danimarkalı Kasper Dolberq, ingilislər Harri Keyn və Rahim Sterlinqin üzərində olacaq. Hərəyə 3 dəfə fərqlənən bu futbolçular 5 qolla bombardirlər yarışına başçılıq edən portuqaliyalı Kriştianu Ronaldu və çexiyalı Patrik Şikə çatmağa çalışacaqlar.
Rasim Mövsümzadə