İtaliya&İspaniya: Rəqəmlər nə deyir? – AVRO-2020
06.07.2021 - 15:12
İtaliya&İspaniya: Rəqəmlər nə deyir? – AVRO-2020

AVRO-2020 yarımfinalının ilk oyununda ardıcıl 13-cü qələbəsini qazanan İtaliya ilə son 13 oyunda məğlubiyyət acısı yaşamayan İspaniya qarşılaşacaq. 

Apasport.az saytının məlumatına görə, məğlubiyyətsiz seriyasını 32 oyuna çatdıran italyanlar yollarına davam etməklə bu göstəricidə 35 oyunla (2007-2009) rekordçu olan ispanları keçməyə çalışacaqlar. 

Yeri gəlmişkən, ardıcıl qələbə rekordu da İspaniyaya məxsusdur: 2008-2009-cu illərdə 15 oyun.

İtaliya komandası AVRO-2020-də keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb, yalnız Avstriya ilə 1/8 final qarşılaşmasında çətinlik çəksə də, İspaniya ancaq Slovakiya ilə matçda asanlıqla qalib gələrək, üç heç-heçə ilə yoluna davam edir. Məhz bu üzdən italyanlar bugünkü görüşün favoriti hesab edilir. 

Bundan başqa, hücum futboluna üstünlük verən hər iki komandada aşkar bombardirin olmaması diqqət çəkir: beş oyunda 12 dəfə rəqib qapısına yol tapan İspaniyanın heyətində 6 futbolçu fərqlənib və 3 dəfə də avtoqol qeydə alınıbsa, İtaliyanın 11 qoluna da 6 futbolçu imza atıb və 1 avtoqol qeydə alınıb.

Həmçinin İspaniyanı hər oyunda topa sahiblənmədə üstünlük qazanan komanda kimi tanısaq da, İtaliya da son vaxtlar bu göstəricidə 50 %-dən çox nəticə göstərməsilə seçilir. Axırıncı üç ildə italyanlar yalnız 2018-ci ildə Portuqaliyaya məğlub olduqları oyunda (0:1), həmçinin AVRO-2020-də İsveçrə ilə qarşılaşmada (3:0) cüzi üstünlüyü rəqibə veriblər.

Rəqiblərin 2017-ci ildə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Madriddə keçirilən sonuncu qarşılaşmasında İspaniyanın 3:0 hesablı inamlı qələbə qazandığını da qeyd edək. Həmin oyunda çıxış edən ispaniyalı futbolçulardan yalnız David de Xea (Avro-2020-də ehtiyatda oturub), Xordi Alba, Serxio Buskets, Koke və Alvaro Morata, italyanlardansa Leonardo Bonuççi, Marko Verratti, Andrea Belotti, Lorenso İnsinye, Federiko Bernardeski və Çiro İmmobile bu gün də meydana çıxa bilərlər.

Rasim Mövsümzadə
 

0