İngiltərə millisi AVRO-2020-də ardıcıl 5-ci quru oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yarımfinala yüksələn futbolun yaradıcıları hələlik qol buraxmayıb.
Cordan Pikford qrup mərhələsinin üç matçında qapısını toxunulmaz saxladıqdan sonra seriyasını 1/8 və 1/4 finalda da davam etdirib. Bu, Avropa çempionatlarının final mərhələlərinin mütləq rekordudur.
Dünya və Avropa çempionatlarına gəlincə, İngiltərə rekorda şərik çıxıb. DÇ-1990-da İtaliya yığması ilk 5 görüşdə - üç qrup, 1/8 və 1/4 finalda qol buraxmayıb. 1:1 hesabı ilə başa çatan yarımfinalda Argentinaya penaltilərlə uduzan apenninlilər sonda 3-cü yerlə kifayətlənib.
Maraqlıdır ki, İtaliya həmin seriyasına evdə imza atıb. Elə İngiltərə üçün də bu uğurlu seriya böyük ölçüdə doğma arena ilə bağlıdır. Düzdür, AVRO-2020 qitənin 11 ölkəsində keçirilir. Lakin həm qrupda, həm 1/8 finalda Londonda oynayan Qaret Sautqeytin yetirmələri yarımfinalı, yüksəlsələr finalı da evdə keçirəcək. Yalnız bir görüşü kənarda – Romada keçirən İngiltərə İtaliyanın rekordunu elə onların paytaxtında təkrarlayıb.
Qeyd edək ki, İngiltərə 1/4 finalda Ukraynanı 4:0 hesabı ilə yenib.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək