Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışlarının püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, sabah start götürəcək turnirdə Azərbaycan karateçilərinin rəqibləri bəlli olub.
67 kq çəki dərəcəsindəki təmsilçimiz Firdovsi Fərzəliyev A qrupunda çıxış edəcək. Sabah mübarizəyə başlayacaq karateçimizin rəqibləri Eray Şamdan (Türkiyə), Darxan Assadılov (Qazaxıstan), Əli Elsavi (Misir) və Naoto Saqo (Yaponiya) olacaq.
Beşqat dünya və onqat Avropa çempionumuz Rafael Ağayev (75 kq) püşkün nəticəsinə əsasən çətin qrupda yer alıb. O, əsas rəqibi olan italiyalı Luici Busa ilə B qrupunda mübarizə aparacaq. Ağayevin digər rəqibləri Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovdur (Qazaxıstan). Karateçimiz avqustun 6-da qüvvəsini sınayacaq.
Qadın karateçimiz İrina Zaretska da B qrupunda yarışacaq. O, +61 kq çəki dərəcəsində Meltem Hocaoğlu (Türkiyə), Sofiya Berultseva (Qazaxıstan), Ayumi Uekusa (Yaponiya) və Silvia Semeraro (İtaliya) ilə döyüşəcək. Qrupun görüşləri avqustun 7-də olacaq.
Qeyd edək ki, iki qrupdan ibarət olan yarışların hər qrupunda 5 karateçi mübarizə aparacaq. Reqlamentə əsasən ilk iki yeri tutacaq idmançılar yarımfinala yüksələcək. Qrup birinciləri yarımfinalda ikincilərlə üz-üzə gələcək. Finala gedən yolda uduzan idmançılar isə bürünc medala yiyələnəcək.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu