
“Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır” - Heydər Əliyev.
Hər bir dövlətin ən qiymətli sərvəti uşaqlardır. Çünki onlarsız nəinki sabah, heç bu günü təsəvvür etmək mümkün deyil. Uşaqları cəmiyyətə faydalı və gələcəyin sağlam vətəndaşı kimi yetişdirmək valideynlə yanaşı, dövlətin də üzərinə böyük yük qoyur. Bunun bariz nümunəsi kimi, 2020-ci ildə Vətən Müharibəsində Azərbaycanın şanlı qələbəsini göstərmək olar. Artıq fəxrlə deyə bilərik ki, bu günümüz kimi, sabahımız da etibarlı əllərdə olacaq. Bu gün Azərbaycanda uşaqların sağlam və savadlı, eyni zamanda vətənpərvər böyümələri üçün hər cür şərait yaradılıb.
Onlar Qarabağ niskini ilə böyüməyəcəklər
Orta nəsillə müqayisədə uşaq və gənclər Qarabağ niskini ilə böyüməyəcəklər. Əksinə, ölkəmizin ən gözəl torpaqlarında quruculuq işlərinə şahidlik edəcək, orada görüləcək yeniliklərdə xüsusi pay sahibi olacaqlar. İnanırıq ki, işğaldan azad olunan torpaqlarımızda aparılacaq abadlıq işlərinin gedişində uşaq və gənclərin sağlam ruhda böyüməsi üçün idman obyektləri də istifadəyə veriləcək. Bunu deməyə Azərbaycanın əksər şəhər və rayonlarında açılan Olimpiya İdman Kompleksləri əsas verir. Təbii ki, bu işin kökündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həm də Milli Olimpiya Komitəsinə (MOK) rəhbərlik etməsi durur. O, azsaylı ölkə rəhbərlərindəndir ki, idmana da xüsusi qayğı göstərir, birbaşa nəzarət edir.
Mütəxəssislərin qayıdışı, maddi-texniki bazanın möhkəmləndirilməsi
Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən İlham Əliyevin 1997-ci ildə məhz MOK-a rəhbərlik etməsindən sonra ölkə idmanı intibah dövrünə qədəm qoyub. O, bu sahədə fəaliyyətə başladıqdan sonra ilk növbədə sabiq SSRİ-nin dağılması ilə Azərbaycanı tərk edən mütəxəssislərin və idmançıların Vətənə qayıtmasında birbaşa rol oynadı. Bu siyahıda hazırda Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti kimi çalışan Faiq Qarayevi, boks üzrə ilk dünya çempionumuz Ağası Məmmədovu, onun şəxsi məşqçisi Vaqif Kazımovu (hazırda yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi kimi çalışır), sonradan üçrəngli bayrağımızı yüksəklərə qaldıran onlarla idmançının adını çəkmək mümkündür.
İlham Əliyevin MOK rəhbəri seçildikdən sonra əsas fəaliyyətlərindən biri də uşaq və gənclərin sağlam ruhda böyüməsi üçün idmanın maddi-texniki bazasını möhkəmləndirmək oldu. Şəhər və rayonlarımızda Olimpiya İdman Kompleksləri ilə yanaşı, paytaxtımızda da bir sıra idman obyektləri, o cümlədən müxtəlif növlər üzrə zallar inşa edildi. Hətta Bakıda ilk Olimpiya İdman Kompleksinin açılışı zamanı Beynəlxalq Olimpiya Komitəsinin rəsmiləri bu addımları yüksək qiymətləndirmiş, gələcəkdə Azərbaycanda uşaq və gənclərin dünya arenalarında adlarından söz etdirəcəklərini xüsusi vurğulamışdı. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz bütün sahələrdə olduğu kimi, idmanda da aparıcı qüvvəyə çevrilib.
Uşaq və gənclərin idmana sevgisində xüsusi stimul
Uşaq və gənclərimizin sağlam ruhda böyüməsi üçün ölkə xaricindəki həmyerlilərimizin Vətənə qayıtmasından sonra idmanın kütləviləşməsi yönündə əcnəbi məşqçilərin və onlarla yanaşı, təcrübəli idmançıların Azərbaycana dəvətinə start verildi. Bu, gənc nəslin təcrübə toplaması üçün xüsusi stimul oldu. Məsələn, ötən əsrin 90-cı illərində basketbolumuzu düşdüyü “quyudan” çıxarmaq üçün MOK-un prezidenti dünya şöhrətli Rimas Kurtinaytisi şəxsən milli komandamıza dəvət etdi. Onun gəlişi ilə Türkiyədə çalışan Elxan Əliyev də Vətənə döndü və milyonların sevimli oyunu özünün inkişaf yoluna qədəm qoydu. Bir vaxtlar xəyal kimi görünən bir sıra ulduzların da klublarımıza cəlb olunması uşaq və gənclərdə idmana xüsusi sevgi yaratdı. Həmin dövrdə formalaşan yığmalarımız müxtəlif səviyyəli yarışlarda, o cümlədən Olimpiadalarda öz sözlərini deməyə başladılar. Sevindirici haldır ki, yeniyetmə idmanına göstərilən diqqət və qayğı himnimizin, demək olar ki, dünyanın bütün ölkələrində səsləndirilməsinə gözəl zəmin yaratdı. Cüdoçu Elmar Qasımovun 2009-cu ildə gənclər arasında Avropa çempionu olaraq işğalçı Ermənistanın paytaxtı Yerevanda üçrəngli bayrağımızı yüksəklərə qaldırması və fəxri kürsünün ən yüksək pilləsində yer almasını sadəcə, sözlə ifadə etmək mümkün deyil.
“Yeniyetmə, uşaq idmanı olmadan idman uğurlarından danışmaq mümkün deyil”
Azərbaycan idmançılarının dostu İlham Əliyev bu qələbələrin ölkə üçün xüsusi faydasını hər zaman vurğulayıb. O, çıxışında gənclərimizin xalqımıza qələbə sevincini bəxş etməsini həmişə önə çəkib: “Yeniyetmə, uşaq idmanı olmadan idman uğurlarından danışmaq mümkün deyil. Gənc nəsil də yetişir, artıq yarışlara çıxır, qələbələr qazanır və beləliklə, idman uğurlarımızın ardıcıllığı təmin olunur. Əgər biz iştirak etdiyimiz bütün Yay Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, hər dəfə daha böyük sayda medallar qazanırıq. Yəni, idmançıların hazırlığı, gənclərin, yeniyetmələrin idman bölmələrinə gəlmələri bu nəticəni təmin edir. Son Rio Yay Olimpiya Oyunlarında Azərbaycan medalların sayına görə dünya miqyasında 14-cü yerə qalxıb. Bu, tarixi qələbədir. Bu qələbəni bir neçə il bundan əvvəl təsəvvür belə etmək mümkün deyildi. Müstəqilliyimizin 25 illiyinə təsadüf edən Rio Olimpiya Oyunlarında biz belə böyük qələbəni qazanmışıq və müstəqilliyimizə bunun çox böyük töhfəsi olub. Azərbaycan xalqı bir daha bütün dünyaya göstərdi ki, Azərbaycanda idman yüksək səviyyədədir. Əgər idman nəticələrinə fikir versək görərik ki, əksər hallarda idman ancaq inkişaf etmiş ölkələrdə sürətlə inkişaf edir. Çünki idmanın inkişafı üçün böyük vəsait lazımdır”.
Uşaqlara inam, digər ölkələrə örnək
İdmançılarımıza göstərilən xüsusi dövlət qayğısı, onların qələbələri yeniyetmə və gənclərdə ruh yüksəkliyi yaradır. Yeni yetişən nəsil də həmin qələbələrdən ilhamlanaraq, zirvələri fəth etmək üçün üzərlərində daha məsuliyyətlə çalışırlar. Bunu ölkə rəhbəri İlham Əliyev də idmançılarla görüşündə qeyd edib: “Onlar da görkəmli çempionlar kimi olmaq, böyük uğurlar qazanmaq, öz bayrağını qaldırmaq istəyirlər və istəyirlər ki, xalq onları tanısın və onlara hörmət etsin”.
Beləliklə, 1997-ci ildən intibah dövrünə qədəm qoyan Azərbaycan idmanının bəhrəsini bu gün görməkdəyik. Hazırda əsas komandalarımızla yanaşı, uşaq idmanına da dövlət qayğısı göstərilir, maddi-texniki bazası möhkəmləndirilir, mütəxəssislərin daha savadlı gənc nəsil yetişdirməsi üçün ölkə xaricində təhsili prioritet götürülür. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə futbol və şahmatda həyata keçirilən Dövlət Proqramı bir çox ölkələr üçün nümunə kimi dəyərləndirilir. Düzdür, futbolda ciddi uğurlarımız olmasa da, zəka oyununda qrossmeysterlərimiz istənilən rəqib üçün qorxulu röyaya çevriliblər. Bu Proqramı FİDE-nin sabiq prezidenti Kirsan İlyumjinov da dəfələrlə dəstəkləyib və digər ölkələrə örnək kimi göstərib. İnanırıq ki, bu günün uşaq və gəncləri dünyada idman ölkəsi kimi tanınan Azərbaycanı daim zirvələrdə saxlamaqda müstəsna rol oynayacaq.
Tahir Hümmətov
MEDİA-nın maliyyə yardımı ilə dərc olunur
- İlham Əliyev UFC-nin prezidentini qəbul edib
- Qurban Qurbanov: "Hər kəsi Bakıda keçiriləcək UFC turnirinə dəvət edirik"
- Təmsilçimiz Rusiyada bürünc medal qazanıb
- III MDB Oyunları ilə əlaqədar olaraq Gəncə “MDB-nin idman paytaxtı” seçilib
- III MDB Oyunlarında 246 medal dəsti uğrunda mübarizə aparılacaq