"Nəsimi" filmində İsmayıl Osmanlının canlandırdığı Fəzlullah Nəimi xarakteri müridlərindən birinə belə deyir:
"Mən onun üzündə insan əzabının son həddini gördüm".
Macarıstanda "Sumqayıt"ın 11 futbolçusu "Fehervar"la cavab matçından 0:0 bərabərliklə ayrılaraq ölkəmizə 0.125 xal qazandırdı, Konfrans Liqasına isə "hələlik" dedi.
Niyə 11 futbolçusu dediyimi oyuna baxanlar yaxşı bilir. Samir Abasovu da tanıyanlar yaxşı bilir. Abasovun lənəti var axı. Rus demişkən: "zakon podlosti".
Uzun-uzadı ilk oyundan, Xaçayevin bizi necə müşgülə salmasından, tur şansının əlimizdən quş kimi üzülüb, uçub getməsindən danışmayacam.
Paytaxt Budapeştdən təxminən 1 saat uzaqlıqdakı Şekeşfehervar şəhərində baş tutan matçdan dərhal sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abasovun iştirakı ilə mətbuat konfransı keçirildi.
Abasovun üzünə baxan kimi dərhal yazının əvvəlində yazdığım sitat yadıma düşdü. Həqiqətən də Samir müəllimin üzündə o əzabı görmək mümkün idi. Bir az gedək yaxın keçmişə.
Bu komandanın Konfrans Liqasına çıxmağı elə kiçikçaplı möcüzə idi. Bazar dəyəri hamıya məlum olan futbolçularla, sirr olmayan büdcə ilə medalçılar arasına son anda düşə bilmədi. Xatirinizdədirsə, son anda "Sabah" "araya girdi".
Buna baxmayaraq avrokuboklara vəsiqə. Sumqayıt şəhərində bayram ab-havası... Böyük şəhərin tək komandası Avropa arenasında. Bir sumqayıtlı kimi deyə bilərəm ki, biz bu atmosferə çox acıq. İnsafən, Avropa macərası şəhərimizə də çox yaraşdı. Necə deyərlər, qısa və gözəl idi...
Təəssüf ki, Samir Abasovun əlində müqəddəs əsa yox idi ki, dənizi ikiyə bölüb komandanı o aradan keçirib, növbəti tura aparsın.
Qayıdım Macarıstana. Mətbuat konfransında həmkarımın "sizi ən çox təəssüfləndirən nə oldu?" sualına Abasov "çarəsizlik" dedi. Bu elə cavab oldu ki, açıqlamasına ehtiyac duyulmadı. Kor-kor, gör-gör.
Hərbçilər, "voyenni" keçmişi olanlar təsdiqləyər ki, bir zabit üçün ən ağrılı şey əsgərini itirməkdir. Hər zabit bu bədbəxt hadisədən sonra hələm-hələm özünə gələ bilmir. Qəribə səslənsə də, mən bu gün Samir Abasovun ruh halına ən uyğun nümunəni bu cür ifadə edərdim.
Oyuna stadionda baxırdım deyə meydançadan kənarda baş verənləri də asan müşahidə edə bilirdim. Tez-tez gözüm məşqçilər korpusuna sataşırdı. Dəqiqələr 50-ni göstərəndə diqqətimi bir şey çəkdi, "barmağımı dişlədim".
Birlikdə matçı izlədiyimiz həmkarım Xanoğlana komandanın 2 oyunçusunu işarə verərək "deyəsən daha bacarmırlar" dedim. Səmimi olmaq lazımdırsa, "yetimlər can verir" demişdim.
Bir neçə dəqiqə sonra komandanın yeni "9 nömrə"si Nikola Vuynoviç texniki zonaya oyundan çıxmaq istəyilə bağlı xəbər göndərdi. Nikoladan əlavə Slavişa Radoviçin də bədən dilindən ancaq bir şey başa düşmək olurdu. Slavko, qınayan olmasaydı, elə ot örtüyünün üstünə uzanıb 1 saat ayağa durmayacaqdı.
Tam elə düşünürdüm ki, görəsən baş məşqçi hansı əvəzetməni edəcək?!
Beynimdə qururdum, Kehat keçər cinaha, Cordan düşər ortaya, Səbuhi ora, bu bura... Birdən ilişdim, qaldım. Rəhim çıxar, filankəs girər, Nikola çıxar, filankəs girər... Ciddi sözümdür, o "filankəs"i tapa bilmədim.
Tam bu dəmdə, Vuynoviçin dəyişiklik istəyinə Samir Abasov acınacaqlı reaksiya verdi. Hücumçuya ehtiyat oyunçular skamyasını göstərərək əllərini yana açdı. "Nikola, sənin yerinə kimi meydana salım?"
Doğrudan, futbol adına çox kədərlidir. 13-14 nəfərlə maksimum minifutbol oynayarlar. Durub Macarıstana Konfrans Liqası oyununa getməzlər. Gedəndə də 5-6 dənə buraxıb gələrlər. Yenə şükür, bu vəziyyətdə yaxşı qurtardıq.
Amma və lakin, bu məşqçi, bu şəhər, bu azarkeş daha artığına layiq idi.
Əlqərəz, Samir Abasov demişkən, arada yanan Sumqayıt şəhəri oldu...
Rasim Sultanzadə
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Klozedən Mahir Emreli ilə bağlı açıqlama