Abdullah Zubir: “Bu, “Qarabağ”da ən unudulmaz oyunumdur”
29.09.2022 - 11:47
Abdullah Zubir: “Bu, “Qarabağ”da ən unudulmaz oyunumdur”

“Mövsüm ərzində bütün oyunlara ciddi hazırlaşır, çoxlu məşq edirik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir deyib.

Fransalı futbolçu “CBC Sport” telekanalına açıqlamasında Premyer Liqanın VIII turunda “Neftçi” (1 oktyabr), Avropa Liqasının qrup mərhələsində isə “Olimpiakos”la (6 oktyabr) matçlara hazırlaşdıqlarını söyləyib: “Əvvəlcə “Neftçi”, ardından isə “Olimpiakos”la oyunumuz var. Bu matçlarda yaxşı formada olmağa çalışacağıq”.

Zubir Avropa Liqasının II turunda “Nant” üzərində qazanılan 3:0 hesablı qələbənin onun üçün xüsusi olduğunu söyləyib. Çünki fransalı həmin matçda həmyerlilərinə qol vurub: “Mən fransalıyam, karyeramın böyük hissəsini orada keçirmişəm. Gəldiyin ölkənin komandasına qol vurmaq hər zaman özəldir. Bu möhtəşəm hissdir”.

“Qarabağ”ın aparıcı oyunçusu Ağdam klubunun heyətində müsbət və mənfi mənada ən çox yaddaşında qalan görüşləri də açıqlayıb: “Qarabağ”da ən unudulmaz oyunum kimi ötən mövsüm Konfrans Liqasının qrupunda “Kayrat”la görüşü qeyd edərdim. Məncə, möhtəşəm matç oldu. Çünki komanda tarixində ilk dəfə qrupdan çıxdı. Hava olduqca soyuq idi. Çətinliklə 3 xal qazandıq və pley-off mərhələsinə vəsiqəni təmin etdik. Ən çox məyusluğu isə Plzen “Viktoriya”sı ilə görüşdə yaşadım. Çempionlar Liqasının qrupuna düşməyə çox yaxın idik. Amma qismət olmadı”.

31 yaşlı hücumameyilli oyunçu Azərbaycana gəlişini də xatırlayıb. O, “Qarabağ”a keçməzdən əvvəl Azərbaycan futbolu barədə məlumatsız olduğunu etiraf edib: “Bura gəlməzdən əvvəl Azərbaycan futbolu haqda məlumatım yox idi. Burada çıxış edən bir tanışım var idi, mənə gəlməyi tövsiyə etdi. Azərbaycanın, Bakının möhtəşəmliyindən bəhs etdi və mütləq bura gəlməli olduğumu dedi. Mən də çox düşünmədim, təklifi qəbul edərək “Qarabağ”a gəldim”.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinir.

0