ABL-də yeni mövsümün başlama tarixi açıqlanıb
13.09.2024 - 16:48
ABL-də yeni mövsümün başlama tarixi açıqlanıb

Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025 mövsümünün başlama tarixi və reqlamenti müəyyənləşib.

Apasport.az ABL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış oktyabrın 18-də başlayacaq.

Ötən ildən fərqli olaraq, basketbol üzrə 30-cu Azərbaycan çempionatında 12 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bu mövsümdən etibarən, "Cəlilabad" klubu "Quba" klubu ilə əvəzlənəcək, "Xəzri" klubu "Naxçıvan" BK olaraq adlandırılacaq, "Xırdalan" klubu isə "Abşeron" BK adı ilə fəaliyyət göstərəcək. Eyni zamanda yeni yaranmış "Ordu" və "Lənkəran" klubları da bu mövsümdən mübarizəyə qoşulacaqlar.

Yeni reqlamentə əsasən çempionatın oyunları 4 dövrəli, 20 turdan ibarət sistem üzrə keçiriləcək. Oyun zamanı meydançada 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq.

Müntəzəm mövsümün oyunları "A" və "B" qrupları üzərindən baş tutacaq. Ötən çempionatın nəticələrinə əsasən müntəzəm mövsümü ilk altılıqda bitirmiş, yəni pley-offa vəsiqə qazanmış klublar "A" qrupunda, qalan 4 klub və yeni yaranmış iki komanda "B" qrupunda mübarizə aparacaqlar.

A qrupunda "Sabah", "Naxçıvan", NTD Bakı, "Abşeron", "Neftçi" və "Sərhədçi" mübarizə aparacaq. B qrupunda isə "Sumqayıt", "Gəncə", "Quba", "Şəki", "Ordu" və "Lənkəran" klubları yer alacaq.

Müntəzəm mövsümdə "A" qrupunu ilk 3 yerdə tamamlamış klublarla yanaşı, "B" qrupunu lider kimi bitirmiş komanda pley-off 'un 1/4 finalına vəsiqə qazanacaq. "A" və "B" qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 finalında üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə əldə edəcəklər.

Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olacaq.

Qeyd edək ki, klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların "A", hansıların isə "B" qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

0