Adil Şükürovdan “Kəpəz”ə böyük jest
13.09.2024 - 12:54
Adil Şükürovdan “Kəpəz”ə böyük jest

Futbol üzrə Misli Premyer Liqası son günlərdə həm oyunçu transferləri, həm də baş məşqçi təyinatları baxımından hərəkətli günlər keçirir.

Keçdiyimiz günlərdə “Kəpəz”də baş məşqçi Adil Şükürovla yollar qarşılıqlı razılaşma əsasında ayrıldı və müvafiq posta Azər Bağırov gətirildi.

”Apasport”a daxil olan məlumata görə, Şükürovun bölgə təmsilçisindən ayrılığının detallarında maraqlı faktlar var.

Şükürov uğursuz gedişatın həll yolunu tapmaq üçün rəhbərliklə bir araya gəlib. Bu şərtlər altında və hazırkı maliyyə ilə qara zolaqdan çıxmağın mümkün olmadığını rəhbərliyə bildirən məşqçi yeni oyunçuların komandaya cəlb olunmasını təklif edib. Dialoqların nəticəsiz qalacağını anlayan Şükürov klubla qarşılıqlı anlaşaraq yollarını ayırıb.

Bu məqamda məşqçi gedər ayaq kluba böyük jest edib.

Belə ki, Gəncə təmsilçisi ilə mövsümün sonuna qədər müqaviləsi olan Adil Şükürov qalan bütün alacaqlarını klubda qoyub. Aylıq maaşını nəzərə alsaq, Şükürov, demək olar ki, komandaya qatılacaq yeni bir futbolçunun bu mövsümlük aylıq xərcini qarşılamış olub.

Bu gün futbol ictimaiyyətində pul uğrunda gedən söz-söhbətləri, oyunları düşünəndə, Adil Şükürovun bu jestinin nə qədər dəyərli olduğu anlaşılır. 

Nə deyək, bəzi məşqçilərə, futbolçulara örnək olması ümidi ilə...

0