Aleksandr Səmədov: “Qarabağ”ın cütündə favorit görmürəm”
29.07.2022 - 10:31
Aleksandr Səmədov: “Qarabağ”ın cütündə favorit görmürəm”

“Ferensvaroş”la “Qarabağ” arasındakı matçlarda favorit görmürəm”.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la “Ferensvaroş” arasında keçiriləcək oyunlar haqda danışarkən deyib.

Azərbaycan əsilli keçmiş yarımmüdafiəçi rusiyalı mütəxəssis Stanislav Çerçesovun çalışdırdığı Macarıstan təmsilçisinin şanslarını dəyərləndirib. O, Çerçesovun matçlar zamanı sakit qalması ilə bağlı sualı belə cavablandırıb: “Slovan”la cavab oyunundakı böyükhesablı qələbəyə baxmayaraq, Çerçesov təmkinli idi. Məncə, “Ferensvaroş” Çempionlar Liqasının qrupuna düşsə, o zaman Çerçesovda emosiyalar yaranacaq”.

Karyerası ərzində Moskva “Spartak”ı və “Lokomotiv”indəki oyunları ilə seçilən Səmədov “Qarabağ”la “Ferensvaroş”un növbəti mərhələ şanslarını bərabər sayıb: “Bu cütlükdə kimisə favorit görmürəm. İlk matçın Azərbaycanda keçirilməsi heç nəyi dəyişmir. Axı “Qarabağ” cavab qarşılaşmasını da Macarıstanda keçirəcək”.

Qeyd edək ki, “Qarabağ”la “Ferensvaroş” arasında ilk oyun avqustun 3-də Bakıda, cavab qarşılaşması isə 9-da Budapeştdə olacaq.

0