Amil Yunanov: “Baş məşqçi hörmətsizlik edib”
21.02.2026 - 15:19
Amil Yunanov: “Baş məşqçi hörmətsizlik edib”

"Gərgin oyun oldu. Başlayanda pis start götürdük. Gözlənilmədən qollar buraxdıq. Birinci hissə toparlanmağa çalışdıq. Epizodlarımız oldu, ancaq yararlana bilmədik. İlk 45 dəqiqədə qol vura bilsəydik qarşılaşmanı qalib də bitirə bilərdik. Fikrimcə lider komandaya qarşı oyunda 2 top fərqi ilə geri düşüb hesabı bərabərləşdirmək pis nəticə deyil".

Bu sözləri Apasport.az saytına açıqlamasında "Mingəçevir"in futbolçusu Amil Yunanov "Şəfa"ya qarşı oyun haqqında danışarkən bildirib.

Hücumçu rəqibin azlıqda qalmasının rolundan danışıb: "Rəqibin azlıqda qalması da əhəmiyyətli rol oynadı. İkinci hissə daim hücumda oynadıq, mübarizə apardıq və nəticədə hesaba tarazlıq gətirdik".

Yunanov ehtiyatda qalmasının səbəbini açıqlayıb: "Şəfa"da məşqçi ilə problemim var idi. Ona görə orda oyunlarda oynamırdım. Təxmini 6 aya yaxın orda oynamadım. Bir az həvəsdən düşmüşdüm. Bura gələndə artıq çəkim var idi. 4-5 kq çəki atdım. Qış fasiləsində gözlənilmədən təklif gəldi. Mən də oynamağı fikirləşib bu şansı  dəyərləndirdim. Bir az ideal formamdan uzağam".

Futbolçu keçmiş klubunda ona qarşı olunan hörmətsizliklərə toxunub: "Oyunun böyük prinsipiallığı var idi. Özümü sübut etmək üçün qol vurmaq çox istərdim. Çünki orda mənə qarşı baş məşqçi tərəfindən hörmətsizliklər olub. Klubda qərar verildi ki, mən komandadan ayrılım. Bu normal haldır. Əfrandan mənə qarşı böyük hörmətsizlik oldu. Bu gün qol vurmaqla özümü isbatlamaq üçün çox çalışdım. Təəssüf ki, meydanda az vaxtım oldu. Baş məşqçinin az zaman verməsi də anlaşılan vəziyyətdir. Mənə matçdan öncə demişdi ki, hazır ol, çətin görüş olacaq. Ola bilər ki, birinci hissədə də oyuna girəsən".

Hücumçu hakimin yanlış qərarından danışıb: "Onların məşqçisi hakimlikdən narazılıq edirdi. Yeri gəlsə onların lehinə penalti verilmişdi. Amma bu haqsız qərar idi. Hakimlər də bəzən səhv edə bilər. Qırmızı kart göstərməkdə isə tam haqlı idi. Vaxt uzatmağa yönəlik hərəkət üçün vərəqə göstərdi. Rəqibimiz gərəksiz etiraz edirdi və mən də buna fikir bildirdim".

Amil "Şəfa"nın çıxışında qeyri-adi heç nə olmadığını söyləyib: "Komandanın potensialı, keyfiyyətli futbolçuları var. Əsas məqsəd çempion olmaqdır. "Zaqatala" ilə oyunda gərəksiz xal itirdik. O bizi müəyyən qədər geri saldı. Orda qalib gəlsəydik bu matça başqa motivasiyada çıxardıq. Bəlkə də həmin oyunun gərginliyi idi ki, 2 qol buraxdıq. "Zaqatala"ya qalib gəlsəydik bu görüşdən də 3 xalı qopara bilərdik. Oyun da bunu göstərirdi. "Şəfa" Premyer Liqa səviyyəsində futbolçuları heyətə yığıb, amma komandanın oyununda qeyri-adi heç nə yox idi. Qollar buraxmağımız bizi psixoloji cəhətdən geri saldı. Nəticədə qələbə qazana bilmədik".