Amit Quluzadə üsyan etdi: "Allah cəzasız qoymaz" - VİDEO
10.04.2025 - 20:57
Amit Quluzadə üsyan etdi: "Allah cəzasız qoymaz" - VİDEO

Futbol üzrə Azərbaycan I Liqasında XXI turun oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, "Qaradağ Lökbatan" öz meydanında "Cəbrayıl"ı qəbul edib.

Gərgin keçən qarşılaşmada qol səsi çıxmayıb. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Matç mübahisəli məqamlarla yadda qalıb. "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə həmin epizodlardan biri ilə bağlı rəsmi feysbuk hesabından paylaşım edib.

Hakimin qərarına etiraz edən mütəxəssis fikirlərini bildirib: 

"Bu mövsüm artıq 7-ci penaltimizdir ki, verilmir. Təsadüfi deyil ki, bu günə kimi "Qaradağ Lökbatan" olaraq cəmi bir penalti yerinə yetirmişik. Allah əziyyətimizi yerə vuranları cəzasız qoymaz. Bu azmış kimi, oyundan sonra baş hakim futbolçumuz Xəyyam Hüseynova deyir ki, "gələn il II Liqada görüşərik". Cənab Alik Yunusov gələn mövsüm biz harda olacağıq bilmirəm, amma onu bilirəm ki, Allah hər şeyi görür. Eybi yox..."

Qeyd edək ki, "Qaradağ Lökbatan" hazırda 17 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsində qərarlaşıb.