Andrey Popoviç: “Qriqorçuka "Neftçi"ni tam formalaşdırmağa icazə versələr, nəticə göstərəcək” - MÜSAHİBƏ
02.07.2024 - 16:33
Andrey Popoviç: “Qriqorçuka "Neftçi"ni tam formalaşdırmağa icazə versələr, nəticə göstərəcək” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq qapıçısı, vaxtilə "Qəbələ"də Roman Qriqorçukun rəhbərliyi altında oynamış, son olaraq "Aqrobiznes" klubunda çıxış etmiş Andrey Popoviç apasport.az saytına müsahibə verib:

- "Aqrobiznes"dən ayrıldıqdan sonra komandasız qalmısan. Niyə orda qalmadın?
- Bəli, son olaraq "Aqrobiznes"in qapısını qorumuşam. İndi isə komanda axtarışındayam. "Aqrobiznes"lə razılıq əldə edə bilmədik. Klub rəsmiləri ilə danışdıq, sağollaşdıq vəssalam. Heç bir problem yoxdur.

- Azərbaycan klublarından necə, təkliflər almısan? Yoxsa səncə, bundan sonra təklif gəlməz? Ümumiyyətlə, olsa belə, Ukraynadan çıxmaq mümkündür?
- Xeyr, Azərbaycan klublarından təklif almamışam. Təklif gələrsə, əlbəttə ki, bunu gözdən keçirəcəm. Sonra da Ukraynadan necə çıxmaq olar, ona baxacam. Lakin hələ ki Ukrayna Premyer Liqa klublarından təklif almamışam.

- Yeri gəlmişkən, "Çernomorets"dən ayrılan Roman Qriqorçuk "Neftçi"nin baş məşqçisi təyin edildi. Bu xəbərə reaksiyan necə oldu?
- Bəli, bəli, Roman Qriqorçukun "Neftçi"yə keçdiyini gördüm. Bu haqda nəsə deyə bilmərəm, çünki "Çernomorets"dəki vəziyyətin necə olduğunu da bilmirdim. Amma dəqiq olan odur ki, Qriqorçuk artıq "Neftçi"nin baş məşqçisidir. Bu haqda da xəbərdaram.

- Qriqorçukun "Çernomorets"dən ayrılaraq "Neftçi"yə keçidinə Ukraynada reaksiya necə oldu? "Çernomorets"dəki işlərini necə dəyərləndirirsən?
- Düzü, Roman Qriqorçuk "Çernomorets"də yaxşı işləmişdi. Amma oradan niyə ayrılmaq qərarı verdi, onu bilmirəm. 

- Necə düşünürsən, ukraynalı mütəxəssis "Neftçi"nin əvvəlki əzəmətini qaytara biləcək? Son mövsümü "Neftçi" 5-ci pillədə başa vurub...
- Düşünürəm ki, Qriqorçuka "Neftçi"ni tam formalaşdırmağa icazə versələr, nəticə göstərəcək. Buna inanıram. 

- Onunla "Qəbələ"də işləmisən, Qriqorçuku yaxından tanıyırsan. Ukraynalının hansı üstünlükləri var?
- Doğrudur, birlikdə "Qəbələ"də çalışmışıq. Mən onun haqda ancaq müsbət şeylər deyə bilərəm. Həm ondan, həm də qapıçı məşqçisi Qluşenkodan çox şey öyrəndim.  

- Səhv etmirəmsə, "Kəpəz" - "Qəbələ” (3:0) görüşündən sonra Qriqorçuk sənə şans vermədi. Onunla münasibətin normal olaraq qalıb?
- Bu, artıq  tarixdir. Həmin anları artıq xatırlamaq istəmirəm. Ancaq heç kimə qarşı incikliyim də yoxdur. Mən Roman Qriqorçuka "Neftçi"də yalnız uğurlar arzulaya bilərəm. Ümidvaram ki, onun "Neftçi"dəki işləri yaxşı alınacaq. 
 

0