Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qaradağ Lökbatan" - "Səbail" matçından (0:2) sonra meydan sahiblərinin futbolçusu Araz Abdullayev apasport.az saytına müsahibə verib.
- Oyuna çox yaxşı başlasaz da, sonda məğlub olduz. Matçı necə dəyərləndirirsən?
- Premyer Liqa klubunu məğlub etmək üçün əlimizdən gələni etdik. Komandanın nizam-intizamını qorumağa çalışdıq. Oyuna pis başlamadıq. Sadəcə ikinci hissədə gözləmədiyimiz bir qol buraxdıq. Düzdür, bundan sonra toparlanmaq çətin oldu. Lakin düşünürəm ki, pis təsir bağışlamadıq. Növbəti oyunlara baxacağıq. Gücümüzü daha da artırmalıyıq. Bu gün bütün futbolçular özünü ən yaxşı tərəfdən göstərmək niyyətindəydi. Məşqlərdə çalışdığımız tapşırıqları meydanda reallaşdırmağa cəhd etdik. I Liqada da bunların bizə kömək edəcəyini düşünürəm".
- Bu gün sanki komandada əlavə motivasiya var idi...
- Xeyr, xüsusi hansısa motivasiya yox idi. Zatən hər zaman belə olub. Premyer Liqa klubuna qarşı oynayanda hamı özünü göstərməyə çalışır. Bizim üçün isə əsas məsələ komanda olaraq mübarizə aparmaq idi.
- Oyun ərzində bir neçə dəfə komanda yoldaşlarına əsəbiləşirdin. Bunun səbəbi nə idi?
- Müəyyən məqamlarda ötürmələrdə səhvlərə yol verirdilər. Bunun üçün onlara iradlarımı bildirirdim. Bəzən belə şeylər olur. Futbolda belə hallar normaldır.
- "Səbail"in məşqçilər korpusundan həm Cavid Hüseynovla, həm də Elvin Məmmədovla birlikdə futbol oynamısan. Onların təyinatı barədə nə düşünürsən?
- Hər ikisiylə birlikdə gözəl vaxtlar keçirmişik. Onlara uğurlar arzu edirəm. Premyer Liqada daha yaxşı çıxış edəcəklərini, komandanı sonuncu pillədən qurtara biləcəklərini düşünürəm.
- Gələcəklə bağlı planların necədir?
- "Qaradağ Lökbatan"la oynama səbəblərimdən birincisi Amit Quluzadədir. İkinci növbədə isə formada qalmaqdır. Komanda yoldaşlarıma kömək etmək, motivasiya vermək istəyirəm. Yaxşı klublardan təklif olarsa, baxarıq. Özümü yaxşı hiss edirəm. Hələ ki, futbolu bitirməyi düşünmürəm.
İsmayıl Xeyrullayev