“Araz-Naxçıvan”ın kapitanı: “100-cü oyunumu keçirdiyimi bu gün dostlarımdan öyrəndim”
24.09.2024 - 14:53
“Araz-Naxçıvan”ın kapitanı: “100-cü oyunumu keçirdiyimi bu gün dostlarımdan öyrəndim”

“Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 

Onun yubileyi Misli Premyer Liqasının VII turuna təsadüf edib. Naxçıvan təmsilçisinin kapitanı “Turan Tovuz”la səfər görüşünə (2:1) start heyətində çıxıb.

Abdullayev “100”ə çatması barədə düşüncələrini apasport.az saytına açıqlayıb.

“Düzünü desəm, bundan xəbərim yox idi. 100-cü oyunumu keçirdiyimi bu gün dostlarımdan öyrəndim. Çox sevindirici haldır. Hətta öyrənəndə təsirlənmişdim. Karyeram tam istədiyim kimi alınmasa da, şükürlər olsun ki, bu yerlərə gəlib çıxdım. Bu müddətdə yaşadığım çətinlikləri yalnız ailəm və Allah bilir. Xoşbəxtəm ki, Azərbaycana qayıdıb burda forma şansı qazandım. Həm qürurluyam, həm də kövrəlmişəm”. 

Muxtar Respublika təmsilçisinin kapitanı komandanın ümumi durumunu dəyərləndirib: “Komandada ab-hava çox yaxşıdır. Yay “transfer pəncərəsi”ndə heyətdə bir sıra dəyişikliklər oldu. Buna baxmayaraq yeni gələn futbolçular da kollektivə uyğunlaşmağı bacardılar. Burda gözəl ailə yaratmışıq. Bu tempdə davam etmək istəyirik. Mövsümün sonuna qədər nəticələrimizin uğurlu olmasını arzulayırıq. Yaxşı komanda, xoşbəxt kollektiv qurmaq əlbəttə ki, nəticəyə təsir edir. Kollektiv idman növlərinin hamısında belədir. Hər kəs bir-birinə qarşılıqlı hörmət edəndə bunun faydası çox olur. Mövsümə uğurlu başlamışıq. Lakin çempionat hələ yeni start götürüb. Önümüzdə uzun yol var. Səhvlərimizi başa düşmək, bunların üzərində çalışmaq və düzəltmək lazımdır. Bunu bacarsaq və bir-birimizə inansaq, yuxarı pillələr uğrunda mübarizə aparmaq mümkün olacaq”. 

Abdullayev VIII turdakı rəqibləri “Səbail” barədə fikirlərini də bölüşüb: “Rəqiblər arasında fərq qoymuruq. “Səbail”in oyunlarını izləyirik. Çox yaxşı, güclü komandaya qarşı oynayacağıq. Mental olaraq hazır olmadan qələbə barədə danışmaq imkansızdır. Çox ciddi hazırlaşırıq. Meydana əlimizdən gələnin ən yaxşısını etmək üçün çıxacağıq”.

İsmayıl Xeyrullayev
 

0