Arif Əsədov: “De Byazi ilə davam eləmək lazımdır” - MÜSAHİBƏ
26.09.2022 - 16:01
Arif Əsədov: “De Byazi ilə davam eləmək lazımdır” - MÜSAHİBƏ

Azərbaycan millisinin məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

- Millətlər Liqasının son turunda Qazaxıstanı 3:0 hesabı ilə məğlub etdiniz. Qrup birincisi ilə görüşdəki hesab bir qədər gözlənilməz olmadı?
- Təbii ki, oyuna qələbə üçün çıxmışdıq. Bilirdik ki, çətin olacaq. Deyirdilər ki, rəqib birinciliyi təmin etdiyi üçün motivasiyasız gələcək. Ancaq matçın startındakı gərginlik onu göstərdi ki, Qazaxıstan futbolçuları heç də belə düşünmürdülər. Çətin oyun alındı. Bizə əsas lazım olan erkən qol vurmaq idi. Erkən qol vurduğumuz zaman uşaqlarda daha çox özünəinam yaranır və mübarizə rahat keçir. Görüşdən əvvəl də bu barədə söhbətlər olmuşdu. Düzdür, qollar ikinci hissədə vuruldu. Əsas odur ki, istəyimizə nail ola bildik.

- Rəqib müdafiəçisinin qırmızı vərəqəsi həlledici rol oynadı, yoxsa gedişat qol vuracağınızdan xəbər verirdi?
- Qırmızı vərəqənin həlledici olduğunu düşünmürəm. Oyuna da ilk dəqiqələrdən biz diktə edirdik. Sadəcə, qırmızı vərəqə qələbənin asanlaşmasına kömək oldu. Rəqib qapalı oynayan, daha çox müdafiəyə diqqət ayıran, boşluqlar verməyən mübariz komandadır. Azlıqda qalanda onlarda boşluqlar yarandı ki, biz də bundan istifadə elədik. Amma qırmızı vərəqə olmasaydı belə, qələbə qazanacaqdıq. Çünki komanda buna çox istəkli idi.

- Məşqçilər korpusu hər qola çılğın reaksiya göstərirdi, xüsusən də, siz. Bu, kimlərə ismarıc, nəyisə sübut etmək idi?
- Qələbə qazananda hamı sevinir. Kiməsə ismarıc yox idi. Sadəcə, həm ikinci yeri tutmaq, həm xal ehtiyatını artırmaq, həm də ardıcıl 3-cü qələbəni qazanmaq baxımından bizə vacib idi. Milliyə qarşı müəyyən inamsızlıq var. Biz də işimizlə düzgün yolda olduğumuzu sübut etmək istəyirdik. Adətən hamı qısa müddətdə nəticə istəyir. Amma bunlar mərhələli şəkildə olmalıdır. Məsələn, futbolçu uşaq futbolundan yetişir, yeniyetmə, gənc çağlarından keçir. Həmçinin məşqçi olmaq üçün bir çox kateqoriyaları almaq lazım olur. Komanda da belədir. Hansısa baş məşqçi qəbul etdikdən sonra ildən-ilə komanda, formalaşır və inkişaf edir. Görülən iş bəhrəsini verəndə də bundan həzz alırıq. Uşaqlarda da özünəinam hiss olunur, kollektiv olaraq bir nöqtəyə vururuq.

- Qrupda birinci yeri tutmağa nə mane oldu?
- Təbii ki, biz də birinci yeri tutmaq istəyirdik. Ancaq mütləq birinci olmalıyıq tələbi yox idi. Minimum və maksimum hədəflər var idi. Həmin hədəflərdən biri də ilk iki yerə oynamaq idi. Hələ püşkatmadan sonra hamı qrupun favoriti kimi Slovakiyanı görürdü. Həmçinin biz də. Qazaxıstanın son illərdə klub səviyyəsindəki uğuru və ölkədə futbola qayğını nəzərə alsaq, onların da möhkəm komanda olduğunu bilirdik. Hamı Moldovanı arzulayırdı. Ancaq Qazaxıstanın düşməyi qrupdakı gərginliyi artırdı. Belarus da Lixtenşteyn və ya San-Marino deyil, ortabab komanda sayılır. Bir sözlə, güclərin bərabər olduğu bir qrupa düşmüşdük. Bütün komandaların şansı var idi, Slovakiya bir qədər üstün görünürdü. İyunda keçirdiyimiz ilk 4 oyun yaxşı dönəmə düşmədi. Buna görə heyfsilənirik. Qazaxıstan və Belarusda mövsüm davam edirdi. Bizdə və Slovakiyada isə çempionat başa çatmışdı. Futbolçular istirahəti düşünürdülər, avrokuboklara düşənlər qısa müddət dincəldikdən sonra kluba dönmək istəyirdilər. Həmin dönəmdə 4 matç keçirdik, xallar itirdik. Xüsusən də, ilk turda Qazaxıstana səfərdə uduzduğumuz görüşü qeyd eləməliyəm. Halbuki ən azı heç-heçə etməli, hətta qalib gəlməli idik. Slovakiyadan da evdə 1 xal qazana bilərdik. Belarusla səfər qarşılaşmasında da azlıqda qaldıq, 1 xalla kifayətləndik. Həmin vaxt ən azı 3-4 xallıq itkiyə məruz qaldıq. Bu olmasaydı, indi birinci yeri biz tutmuşduq.

- Qeyd elədiniz ki, komanda artıq formalaşıb. Sizcə, Canni de Byazi yenə postunda qalmalıdır, yoxsa yen nəfəs lazımdır?
- Diqqət yetirin, son dönəmlərdə 6-7 gənc futbolçu komandaya cəlb olundu. Bu, qələbə ruhu ilə yetişən yeni nəslin gəldiyini göstərir. Bu da vacib amildir. Sadaladığım amillər baş məşqçinin qalması üçün səbəbdir. İşi başlayıb, sona çatdırmaq vacibdir. Heç kim deyə bilməz ki, baş məşqçi təyin olunandan sonra 1-2 ilə uğur qazanacaq. Çalışdırıcı işlədikcə onda inam yaranır, çətinlikləri geridə qoyur. Perspektiv yaxşı görünürsə, onu davam elətdirmək vacibdir. De Byazinin də işində uğurlu nəticələr başlayıb. Komanda yaxşıya doğru gedir. Buradakı ilk ili ilə müqayisədə komandanın pillə-pillə yuxarı qalxdığını görərik. Bu özü onu göstərir ki, de Byazi ilə davam eləmək lazımdır.

- Yəni de Byazi hələ son sözünü deməyib?
- Deyirlər ki, de Byazi Albaniya yığması ilə uğur qazandı. Fikir verin, orada da hadisələr bənzər istiqamətdə oldu. Üç il uğursuzluq oldu, ondan sonra komanda yüksəlişə keçməyə başladı. Bizdə də ona doğru gedir. Baş məşqçi komandanı artıq yaxşı tanıyır, futbolçular onu qəbul edir, nə istədiyini bilirlər. Bütün bunlar hansısa uğura nail olmaq üçün yaxşı siqnaldır. 

Ruslan Sadıqov

1