Aslan Kərimov: “Nəticə böyükhesablı olmayacaq”
26.09.2024 - 13:34
Aslan Kərimov: “Nəticə böyükhesablı olmayacaq”

“Praqnoz vermək çox çətindir. Həm “Qarabağ”, həm də “Tottenhem” oyunda topa sahib olmanın vacibliyini vurğulayır”.

Bu sözləri apasport.az saytına açıqlamasında Aslan Kərimov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının “Tottenhem” - “Qarabağ” oyununu belə dəyərləndirib: “Hər iki komanda keçirdiyi matçlarda topla oynamağa üstünlük verir. Londondakı matçda “Qarabağ” bunu nə dərəcədə bacaracaq, demək çətindir. Çünki qarşısında da bu mövzuda usta komanda var. Ən yaxşı halda topa nəzarət 50-50-yə ola bilər. Hər iki komanda hücumlar qurmağa çalışacaq. “Qarabağ”ın strategiyasında müdafiəyə çəkilib rəqibin arxa xəttində boşluqlar yaradıb, sonra da bundan istifadə etmək var. “Tottenhem”in oyununu analiz edərkən rəqibin həddən artıq pressinq etdiyi aşkar görünür. Bu pressinq zamanı müdafiəçilər mərkəz xəttinin üzərində olur. Bu isə o deməkdir ki, londonluların arxa xəttində 60-70 metrlik boşluq yaranır. Mənə elə gəlir ki, “Qarabağ” da bunun üzərində dayanıb. Təbii ki, komandanın öz oyun planı da var. Ağdamlıların belə çıxış edən rəqibə qarşı Abdullah Zubir, Olavio Juninyo və Leandro Andrade kimi sürətli və qıvraq oyunçuları var. Braziliyalının Almaniya millisinin müdafiəçisi Conatan Tahı geridə qoyduğunun da şahidi olmuşuq. Bu cür futbolçulardan istifadə etməmək düzgün olmaz. Belə oyunçuların varsa, əks-hücumda çıxış etmək məcburiyyətindəsən. Nəticə böyükhesablı olmayacaq. Çünki yeni formatda xallar 4 yox 36 komanda arasında hesablanacaq. Belə olan halda, 8 oyuna 12, 15 xal yığan komandalar çox olacaq. Bir neçə komandanın da xalı bərabər ola bilər. Nəticədə top fərqi ön plana çıxacaq. Buna görə də bütün klublar sonadək oynamaq məcburiyyətindədir. “Ludoqorets”lə matçdakı kimi, istəyirsən 8:0 uduz, istəyirsən 3:0. Bunun fərqi yoxdur, artıq uduzmusan. Bu turnirdə isə elə hal olan deyil. Buraxılan hər qolun ayrı önəmi var. Təbii ki, favorit “Tottenhem”dir. Lakin “Qarabağ”ın da bərabərlik və qələbə üçün şansları az deyil. Londonlular çempionat oyunlarını da düşünüb rotasiyalar edə bilərlər. “Qarabağ” isə Premyer Liqa matçlarından birini Avropa Liqasına qurban verə bilər. Maraqlı oyun izləyəcəyik. Hesab fərqinin 1 top olacağını düşünürəm”.

Qeyd edək ki, “Tottenhem” - “Qarabağ” matçı bu gün saat 23:00-da start götürəcək.

İsmayıl Xeyrullayev

0