
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə görüşdən sonra millimizin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis 2:1 hesabı ilə məğlub olduqları oyunu dəyərləndirib. Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
"Bilirdik ki, gərgin oyun olacaq. Futbolçularımızda yorğunluq var idi. Amma oyunçular xarakter göstərdi. Təşəkkür edirəm. Üç gündən bir böyük komandalara qarşı oynamaq vacib idi. Futbolçularımdan inamlı, rahat olmaqlarını istəmişdik. Bu gün onu göstərdilər. Bəlkə də xal qazanmalıydıq. 10-15 dəqiqəsi çox çətin keçdi. Qələbə qazanmaq istəyirdilər. Nəriman Axundzadənin epizodunu dəyərləndirsəydik, bəlkə başqa cür olardı. Gələcəyə nikbin baxırıq, bu komandanın potensialı var. Ruh və istək olduqdan sonra nəticə gələcək. Evdə 2 oyunumuz var. Ona hazırlaşacağıq. Çalışacağıq ki, xallarımızın sayını artıraq".
- Üç gündən bir oynamağa öyrəşmək üçün nə etmək lazımdır?
- Bu, uzun söhbətdir. Futbolçularımız gənc yaşlarından buna öyrəşməlidirlər. Bəlkə də liqalarda oyunların sayını çoxaltmaq lazımdır. İslandiya ilə ağır səfər oyunundan sonra, Ukrayna ilə yaxşı mübarizə apardıq. Bəlkə 1-ci oyun Ukraynaya qarşı oynasaydıq, başqa cür olardı. Amma inanın ki, bu gün futbolçular əllərindən gələnin artığını etməyə çalışdılar.
- 30 ildən sonra milli qoşa oyunların əziyyətini çəkir. Adəətn uğursuzluq olub. Fransadan sonra Ukraynaya məğlubiyyəti bununla əlaqələndirmək olar?
- Futbolda öncədən nəsə demək çətindir. İslandiyadan sonra xal qazandıq. Bəzən istək, ruh olanda yorğunluğu da hiss etmirlər. Emin Mahmudov fiziki göstəricilərinə görə komandanın ən yaxşısıdır. Bəlkə də Eminin gücü yox idi, amma necə sürüşmə fəndi etdi. Bütün futbolçular yorğun olsalar da, mübarizə aparırdılar. Uduzmaq istəmirdilər. Buna öyrəşməliyik. Futbolçulara səhər demişdim ki, yorğunluğu özümüzə psixoloji problem etməyək. Rəqib də yoldan gəlmişdi. Öyrəşmək lazımdır. Turnir bunu tələb edir.
- Komandada özgüvən artarsa, bu, gediləcək yolun neçə faizi olar?
- Ruhumuz olmasa, istəyirsiz yaxşı futbolçunuz olsun, komanda etmək çətin olacaq. Millidə vaxt çox deyil. 1-ci və 2-ci toplanışda komandada fərq var. Oyun var. Fransa imkan vermədi. Onlara qarşı da istəyirdik bunu. Fransa oyunu uşaqlara güvən vermişdi. Bu gün daha güvənli idilər. Belə oynasaq, belə davam etsək, faiz etibarı ilə artacaq. Məncə, daha yaxşı ola bilərik.
- Komanda ilyarımdır ki, qələbə qazana bilmir. İslandiya ilə Bakıda görüş var. Bu oyunda qələbə üçün riskə getməyi planlaşdırırsız?
- İkili oyunlara sistemi oturtmaq istəyirik. Rəqib nə qədər imkan verirsə, hücum etməyə çalışırıq. Heç kim deyə bilməz ki, hücum etmirdik. Çoxdandır qələbə qazanmırıq... Bu gün belə rəqiblərlə çətindir, gerçək danışaq. İslandiya ilə matçda mən də ümidliyəm, azarkeş dəstəyini görmək istəyirik. Fransa və Ukraynanı gördünüz, fərqi sezdiniz. Burada da artırmalıyıq. Azarkeşlər də bilirəm ki, millidən güvən verən oyun istəyir. Hamısı birlikdə, azarkeş dəstəyi olsa, biz də evdə dominant, istəkli olarıq. Sistemə gəldikdə, məncə, futbolçular hücum xəttindəki oyunçular daha yaxşı olurlar. Nəriman Axundzadə zədədən gəlmişdi, Musa Qurbanlı oyuna yaxşı girdi, Toral Bayramov da həmçinin. Mahir Emreli və Rüstəm Əhmədzadə də yaxşı formada olsa, bizim üçün yaxşıdır.
- Bu gün Prmeyer Liqamızdakı hansı legioner olsaydı, bir xal qazanmaq olardı?
- Legioner desəm, komandama qarşı haqsızlıq edərdim. Adını desəm...(gülür). Amma var. İslandiya və Farer adalarında 3-4 oyunçu var. Futbolçularım bu gün pis deyildi.
- Milli komandanın daha yaxşı olması üçün, həm də klubların işləməsi lazımdır. Abdulla Xaybulllayevi sizin kəşfiniz hesab edə bilərik. Klublar yerlilərin inkişafı üçün dəstək verməlidir?
- Yaxşı mövzudur. Təəssüf ki, mən həm də klub məşqçisiyəm, nəsə desəm, düz anlaşılmır. Şahruddin oyunu buraxacaq. Nə edək? O epizodda qırmızı vərəqəyə baxılmalı idi. Düzdür, o epizoda getməməli idi. Amma biz bir qapıçıdan ibarət olmalı deyilik. Qapıçılarımız var, güvənməliyik. Futbolçuların da günahı var. Onlar da qərar vemrəlidir ki, bu klubda oynamaq ehtimalı azdırsa... Rüstəm Əhmədzadəni bu gün alqışlamalyıq. "Sumqayıt"a gəldikdən sonra tam başqa olub. Demək ki, futbolçular öz komandalarını tapmalıdırlar. İddialı klublardan getmək istəmirlər, rahatdırlar. Futbolçular oynasa, milli üçün yaxşı olacaq. Bəzi məsələlər var ki, rəhbərliklə müzakirə edirik. Yaralı yerimizdir. Ümidliyəm ki, daha yaxşı olacağıq.
- Bundan sonra millidən nə gözləyək? Komanda əzmkar oldu, maksimum gözəl müdafiəyə çalışdı. Amma 180 dəqiqəyə 2 zərbə vurduq. Əzmkarlıq və müdafiə olunmaq sarıdan irəlilədik. Xal üçün qapıya zərbə lazımdır...
- Qapıya zərbə lazımdır. Zərbə çox oldu. Bizə yaxın rəqiblərlə başabaş və üstün oynaya bilərik. Bunu elə-belə demədim. Komandamın potensialını görüb bunu deyirəm. Eyni səviyyədə olan rəqiblərlə daha üstün oynaya bilərik. Ukrayna ilə bizi müqayisə etsək, bizdən üstündürlər. Hər şey asan danışılası deyil, amma əzmkarlığı rahat deyirik. Amma o da yox idi axı. Nə qədər deyirdik ki, millidən əzmkarlıq istəyirik. Bu gün bu var. Bunu asanlıqla demək və üstündən keçmək.. Buna da qiymət vermək lazımdır.