Ayxan Abbasov: “Şamaxı”dan rahat gedirəm”
11.04.2026 - 18:52
Ayxan Abbasov: “Şamaxı”dan rahat gedirəm”

Misli Premyer Liqasının XXVII turunda "Şamaxı" "Qarabağ"la heç-heçə edib - 0:0.

Apasport.az xəbər verir ki, matçdan sonra "münəccimlər"in baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

"Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bilirik ki, çempionatın sonuna doğru “Qarabağ” hər oyuna final kimi yanaşır. Oyuna hazırlaşmağa vaxtımız az idi, çox yorulmuşduq, meydana itkilərlə çıxmışdıq. Sona qədər mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Hər xal bizim üçün vacibdir. Sona qədər bu tempi saxlamaq vacibdir".

– Bu gün komandanın əsas qol silahı Rossi yox idi. Bu sizə nə dərəcədə təsir göstərdi? 
– İstənilən futbolçumuzun yoxluğunu itki hesab edirəm, amma təbii ki, aparıcı oyunçuların olmaması daha böyük itkidir və komandaya təsir edir.

– Komandanız bu oyun da, keçən tur da çox əzmkar mübarizə nümayiş etdirdi. Bu əzmkarlıq rəqibin adına görədir, yoxsa ümumi oyun üslubunuz belədir? 
– Mövsümün əvvəlindən bilirdik ki, əzmkarlığımız az olsa, liqada qalmaqda çətinlik çəkə bilərik. İlk boyu bu tempi saxlamaq da çətindir, amma ilk turdan bu günə kimi futbolçular maksimum çalışırlar. Oyunçuların inkişafı göz önündədir, bu gün Orucu xüsusən bəyəndim.

– Qazanılan nəticələrdə taktiki biliyiniz əsas rol oynayır, yoxsa verdiyiniz motivasiya? 
– Bu gün “Qarabağ”a görə məcburi fərqli taktika ilə oynadıq. Sevindirici haldır ki, futbolçular dəyişikliklərə tez adaptasiya olur. Təbii ki, komanda ruhu da çox vacibdir.

– Əsas qapıçınız cəza səbəbilə növbəti tur olmayacaq. Bu sizi qayğılandırır? 
– Rikardo bu gün Azərbaycan çempionatında ən yaxşı qapıçılardandı. Amma bir tərəfdən də Abdullaha şans verə biləcəyimə görə sevinirəm. Ümumən qarşıdakı turlarda hər kəsə şans verəcəm. Əsas heyətdə debüt etməyi gözləyənlər var.

– Mövsümün sonunda Şərqi Avropadan yeni məşqçi gətiriləcəyi ilə bağlı söhbətlər var. Hətta deyilənə görə, danışıqlar gedir, bununla bağlı nə deyə bilərsiniz? 
– “Şamaxı” mənim üçün doğmadır. İstəyərdim ki, burada davam edim, amma maddi cəhətdən də komanda möhkəmlənməlidi. İki ildir çox çətinliklər olsa da, çalışmışıq ki, öhdəsindən gələk. Məncə, klub doğru yoldadır, düzgün qərarlar verilməlidir. İlk dəfədir ki, çalışdığım klubdan rahat gedirəm.