Azər Bağırov: "Neftçi" "Sabah"a uduzsa, avrokuboklardan kənarda qala bilər" - Müsahibə
23.05.2024 - 17:51
Azər Bağırov: "Neftçi" "Sabah"a uduzsa, avrokuboklardan kənarda qala bilər" - Müsahibə

Azərbaycanlı futbol məşqçisi Azər Bağırov apasport.az saytına danışıb.

- Vaxtilə çalışdığınız "Qəbələ" Premyer Liqanı tərk etdi. Sizcə, niyə bu komanda yüksək liqada qala bilmədi? 
- "Qəbələ"nin bu gün Premyer Liqadan Birinci Liqaya düşməsi insana bir az qəribə gəlsə də, idman prinsipləri var. Bu prinsipləri də qorumaq lazımdır. Nə qədər təsirli olsa da, bəzi reallıqlar var ki, onlarla barışmaq lazımdır. Çox istədiyimiz "Qəbələ"nin Birinci Liqaya düşməsi bizə xoş olmasa da, reallıqlar var. Peşəkar məşqçi nöqteyi-nəzərdən baxanda, bu, qaçılmaz və reallıqdır. Bununla barışmaq lazımdır. Mövsümün əvvəlində "Qəbələ" haqda çox yaxşı sözlər danışıldı. Avrokuboklara da evdə pis başlamadılar. Ancaq sonradan eniş yaşadılar və həmin eniş anından, depressiyadan çıxa bilmədilər.

- "Qəbələ"nin yeni sezon Birinci Liqada qarşısına çempionluq məqsədi qoyaraq, bir illik fasilədən sonra Premyer Liqaya yüksələcəyini düşünürsünüz, yoxsa "Qəbələ" də "Xəzər Lənkəran", "Bakı", "Karvan"ın yolunu tutacaq?
- Hər şeyi zaman göstərəcək. Mənim üçün reallıq var, o da zaman reallığıdır. Kim necə tərpənəcək, kim hansı addımları atacaq. Premyer Liqaya yüksəlmək istəyən komandaların addımları necə olacaq? Bunlar hamısı maraqlı gedişdir. Hansı komandaların yeni sezondan Birinci Liqada olacağı hələ ki, bilinmir. Ondan sonra bəzi sözləri demək olar. "Qəbələ" yaxşı infrastrukturu, peşəkar rəhbərliyi var. Gələn il bəzi şeyləri reallığa çevirib, qələbələri ilə Premyer Liqaya yüksələcəklər. 

- Ümumiyyətlə, sizcə, mövsümün sonuna az qalmış, son pillədə qərarlaşan komandanın Elmar Baxşıyevi göndərib, Kaxaber Tsxadadzeni gətirməsi doğru addım idi və nəyə hesablanmışdı? Düşünürdün ki, Kaxaber komandanı çətin durumdan çıxara biləcək?
- Baş məşqçi kimi, kimisə göndərib, kimisə gətirmək məsələsini müzakirə etməyim bəlkə də düzgün olmazdı. Ancaq son dönəmdə görünən bir şey var ki, yerli məşqçilər çempionatımızı daha yaxşı analiz edib, qərarlar verirlər və yerli məşqçilərimiz son dönəmdə çox inkişaf ediblər. Kimisə gətirib komandanı çətin durumdan çıxarmaq məsələsinə gəlincə, fikirlərim yəqin ki, üst-üstə düşdü. Kaxaber Tsxadadze komandanı o durumdan çıxara bilmədi. Düzü, öncədən də fikirləşirdim ki, Kaxaber “Qəbələ”ni çətin durumdan çıxara bilməyəcək.

- Yeni sezonda Birinci Liqada Kaxaberin qalıb-qalmayacağı bəlli deyil. Bu komandada sizə baş məşqçilik təklif edilsə, Birinci Liqada yenidən işləməyə razılıq verərsiniz?
- "Qəbələ" rəhbərliyini 2010-cu ildən tanıyıram. Az müddət deyil. 2010-cu ildən yaxşı münasibətlərimiz olub, "Qəbələ"də demək olar ki, bütün yaş qruplarında çalışmışam.Ona görə də, sizin sualınıza cavab olaraq, niyə də yox? Yaxşı təklif və uzunmüddətli iş layihəsi olarsa, niyə də yox? "Qəbələ" mənə çox doğmadır. Mənim futbol karyeramda da bu klubun öz yeri var.  

- Yeri gəlmişkən, Premyer Liqaya dönən isə digər sabiq komandanız "Şamaxı" oldu. Ümumiyyətlə, bu komandanın elitaya dönüşünü necə şərh edərdiniz? Yenidən liqadan düşməmələri üçün hansı səhvləri təkrarlamamalıdırlar?
-  Nələri doğru etməlidilər, bu klub rəhbərliyinin işləridir. Bir komandanın möhkəmlənməsi üçün yaxşı iş bacaran məşqçi heyətinin, mehriban kollektivin formalaşdırılması çox önəmlidir. Bu, komanda oyunlarının ilk özəyidir. Mənim üçün də həmişə ilk növbədə duran yaxşı, mehriban, döyüşkən kollektiv formalaşdırmaqdır. Hansı ki, futbolçular meydanda vuruşur və qələbələri sıralayır. "Şamaxı"nın atacağı addımlar yenə deyirəm, klubdakı baş məşqçinin və idarəçilərin işidir. Hər birinin öz düşüncəsi və inkişaf yolu var. Hər məşqçidə fərqli ola bilər. Allah qoysa, onlar da özləri üçün lazım olan cizgi ilə gedərlər.

- Azərbaycan Premyer Liqasında avrokuboklara yollanacaq komandaların adı son turda bəlli olacaq. Necə düşünürsüz, "Sabah", "Sumqayıt", "Neftçi", "Zirə" klublarından hansı avrokuboklardan kənar qalacaq?
- "Zirə" ilə "Sumqayıt"ın durumu bir balaca yaxşıdır. Son turda "Neftçi" ilə "Sabah"ın bir-birilə qarşılaşması onların işinə əngəl yaradır. Amma "Sabah" "Neftçi"yə qalib gələrsə, məncə, "Neftçi" avrokuboklarda kənar qala bilər. Bu cür ehtimal var. Necə olacağını bu həftə görəcəyik.

0