Azərbaycan çempionatında daha bir matçın yeri dəyişdirildi
25.02.2025 - 22:01
Azərbaycan çempionatında daha bir matçın yeri dəyişdirildi

Son günlərdə qar yağışı xüsusən ölkənin şimal-qərb bölgəsində intensiv olub. Bu səbəbdən də Zaqatala Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyü tamamilə qarın altında qalıb və onu təmizləmək də mümkünsüzə çevrilib.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Bu məqamı nəzərə alan Peşəkar Futbol Liqası “Zaqatala” klubunun müraciəti və MOİK-in də razılığı əsasında I Liqada XVI turun fevralın 28-də keçirilməli olan “Zaqatala” – MOİK oyununun yerini III dövrədə baş tutacaq XXIV turun MOİK – “Zaqatala” görüşünün məkanı ilə dəyişmək qərarına gəlib. 

Beləliklə, fevralın 28-də MOİK rəqibini Binə qəsəbə stadionunda qəbul edəcək. Oyunun başlama saatı dəyişməz olaraq qalır. Qarşılaşma saat 14:00-da start götürəcək.