Azərbaycan çempionu əsas mərhələdən başlayacaq
01.07.2022 - 09:42
Azərbaycan çempionu əsas mərhələdən başlayacaq

Futzal üzrə Çempionlar Liqasının 2022/23 mövsümünün ilkin və əsas mərhələsinin püşkü iyulun 7-də atılacaq.

Apasport.az saytının məlumatına görə, iştirakçı klubların reytinq cədvəli açıqlanıb.

Azərbaycan çempionu “Araz-Naxçıvan” mübarizəyə əsas mərhələdən start verəcək. Təmsilçimiz B yolunda yarışacaq ki, reqlamentə əsasən, yer aldığı qrupdan elit-raunda yalnız qrup qalibi vəsiqə qazanacaq. İlkin mərhələdə 32 komanda 8 qrupda iştirak edəcək. Yalnız öz qrupunda birinci pilləni tutacaq komandalar əsas mərhələnin B yolunda iştirak etmək hüququ qazanacaq.

Əsas mərhələnin oyunları 25-30 oktyabr tarixlərində keçiriləcək. Dörd ölkə - İspaniya, Portuqaliya, Qazaxıstan və Xorvatiya – hər biri iki klubla təmsil olunacaq. Həmin komandalar da mübarizəyə təmsilçimiz kimi, əsas mərhələdən start verəcək. Xorvatiyanın bu şansı qazanması Rusiyanın FİFA və UEFA tərəfindən cəzalandırılması ilə bağlıdır.

Son qalib “Barsa” və turnir cədvəlinin ilk 11 pilləsində yer alan komandalar, eləcə də 16-19-cu pillədəki klublar A yolunda mübarizə aparacaq. Hər qrupdan 3 komanda elit-raunda vəsiqə qazanacaq.

17-ci dəfə bu yarışda iştirak edəcək “Araz-Naxçıvan”ın da yer aldığı B yolunda reytinq cədvəlinin 12-15 və 20-23-cü pillələrində yer alan komandalar, eləcə də ilkin mərhələdən vəsiqə qazanacaq klublar yarışacaq. Təmsilçimiz 22-ci pillədə yer alıb. Bu yoldan ancaq qrup qalibləri elit-raunda yüksələcək.

Qrup oyunlarına ev sahibliyi edəcək şəhərlər də məlumdur. UEFA İcraiyyə Komitəsinin qərarı ilə Ermənistan və Azərbaycan, Kosovo və Bosniya və Herseqovina, Kosovo və Serbiya klubları bir qrupda yer ala bilməz.

0