Futbol üzrə Qazaxıstan yığmasının yeni baş məşqçisinin adı məlum olub.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Qazaxıstan millisinə 44 yaşlı Əli Əliyev rəhbərlik edəcək.
Bu barədə millinin sabiq hücumçusu Timur Sisenov bildirib.
Yanvarın 27-də Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti rusiyalı Stanislav Çerçesovun Qazaxıstan millisinin baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.
Əslən azərbaycanlı olan Əliyev Qazaxıstanın Almatı şəhərində dünyaya gəlib. O, futbolçu karyerasına "Kayrat"da başlayıb. 8 il bu klubun şərəfini qoruduqdan sonra Türkiyəyə yollanıb. Sabiq yarımmüdafiəçi burda "Akçaabat Sebatspor", "Kayseri Erciyesspor", "Kartalspor", "Diyarbakırspor"da forma geyinib. Daha sonra ölkəsinə qayıdan futbolçu "İrtiş", "Tobol", "Vostok", "Ordabaşı" və "Xizilxar"da çıxış edib.
Əliyev həmçinin Qazaxıstan millisinin üzvü olub. O, yığmada 2 oyun keçirib.
2019-cu ildən məşqçiliyə başlayan mütəxəssis "Xizilxar", "Şaxtyor Karaqandi", "Astana-Jas", "Jenis" kimi klublara rəhbərlik edib.