Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərabaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə Bakı şəhərinin məktəbliləri arasında velosiped yarışı keçirilib.
Apasport.az xəbər verir ki, 2 gün davam edən yarışda hər birinin tərkibində 2 qız və 2 oğlan velosipedçi olan 22 məktəbin komandası iştirak edib.
İlk yarış günündə keçirilən təsnifat mərhələsindən sonra ən yaxşı vaxt göstəricisinə malik 8 komanda müəyyənləşib. Növbəti gün isə 1/4, yarımfinal və final mərhələsi ilə yarışa yekun vurulub.
Səbail rayonu 236 saylı orta məktəbin şagirdləri finalda həmin rayonun 85 saylı orta məktəbindən olan rəqiblərini məğlub edərək çempion olublar. Pirallahı rayonu 186 saylı orta məktəbin şagirdləri isə üçüncü yeri tutublar.
Fərqlənən komandalar medal, diplom və pul mükafatı ilə təltif ediliblər. Bundan başqa, çempion komandanın bütün üzvlərinə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən velosipedlər hədiyyə olunub.
AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov mətbuat nümayəndələrinə verdiyi müsahibədə bildirib ki, yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərdə velosiped idmanına maraq oyatmaq, onların arasından istedadlıları üzə çıxarmaq və peşəkar idmana cəlb etməkdir.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir