Baş məşqçi: “Azərbaycan yığması yüksəlişdədir”
12.11.2022 - 15:10
Baş məşqçi: “Azərbaycan yığması yüksəlişdədir”

“Tam heyətlə bir araya gələ bilməyəcəyik. Müxtəlif səbəblərdən bəzi futbolçular millidən kənarda qalıb”.

Apasport.az saytının məlumatına görə, bunu Şimali Makedoniya yığmasının baş məşqçisi Blaqoya Milevski deyib.

Yığmanın Finlandiya (17 noyabr) və Azərbaycanla (20 noyabr) keçiriləcək yoldaşlıq görüşlərinin heyətini açıqlayan 51 yaşlı mütəxəssis yetirmələrinin yaxşı formada olduğunu söyləyib: “Sentyabr toplanışı ilə müqayisədə indi futbolçular daha yaxşı formadadır. Ümid edirəm ki, klubların həftəsonu çempionat oyunlarından sonra heç kim zədələnməz. Millətlər Liqası ilə müqayisədə qarşıdakı matçlarda millidən irəliləyiş gözləyirəm. Halbuki bunlar həmin vaxt oyunlarda 3-4 qol vuran eyni uşaqlardır”.

Milevski yoldaşlıq görüşlərindəki rəqibləri də dəyərləndirib: “Finlandiya böyük və ciddi komandadır. Onlara qarşı çətin olacaq. Azərbaycan yığması da yüksəlişdədir. Bu matçlar bizim gələcək istiqamətimizə xidmət edəcək”.

Qeyd edək ki, noyabrın 20-də Skopyedəki “Todor Proeski Milli Arena”da keçiriləcək Şimali Makedoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

0