Bəxtiyar Musayev: “Sabah” “Qarabağ”a rəqib deyil, “Neftçi” isə...” - MÜSAHİBƏ
29.09.2022 - 16:01
Bəxtiyar Musayev: “Sabah” “Qarabağ”a rəqib deyil, “Neftçi” isə...” - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu, bakılıların heyətində ölkə çempionatının və kubokunun qalibi olmuş Bəxtiyar Musayevin apasport.az saytına müsahibəsi

- Oktyabrın 1-də Misli Premyer Liqasının VIII turunda “Qarabağ”la “Neftçi” qarşılaşacaq. Nə cür mübarizə gözləyirsiniz?
- Çox istərdim ki, maraqlı, baxımlı oyun olsun. Çempionatda belə matçlara elə də çox şahidlik etmirik. Ümid edirəm ki, derbi adına layiq mübarizə izləyərik. Biz də baxıb zövq alaq.

- Mövsümün əvvəlindən “Qarabağ” çempionluğa bir nömrəli namizəd göstərilirdi. Sizcə, “Neftçi” ağdamlılarla rəqabət apara bilər?
- Yenə çempionluğa favorit “Qarabağ”dır. “Neftçi” indi “Qarabağ”la rəqabət aparacaq durumda deyil. Düzdür, ilk yeddi turun altısında qələbə qazanıblar, cəmi bir məğlubiyyətləri var. Amma bu o demək deyil ki, “Neftçi” “Qarabağ”a rəqibdir. Özündən güclü olmayan rəqibləri məğlub edib. Üstəlik, həmin matçlarda dominantlıq da etməyib, ciddi təzyiq yaratmayıb. Bəzi görüşlərdə hətta heç-heçə də edə bilərdilər. Bir sözlə, “Neftçi” indi “Qarabağ”a rəqib olmağa yaxın da deyil.

- Bəs çempionatımızda “Qarabağ”a rəqib olmağa layiqli komanda varmı?
- Xeyr, çempionatda “Qarabağ”a rəqib görmürəm. Yəqin ki, “Sabah”ı nəzərdə tutursunuz. Mənim düşüncəmə görə, “Sabah” “Neftçi”dən üstün futbol sərgiləyir. Amma onların da “Qarabağ”la çempionluq uğrunda mübarizə aparması gözlənilmir. Mövsümün əvvəlində “Qarabağ”la “Sabah” arasında maraqlı oyunun şahidi olduq. Ancaq həmin qarşılaşmada “Qarabağ”ın müdafiə xəttinə diqqət yetirin. Abbas Hüseynov əsas heyətdə idi, Qara Qarayev müdafiənin mərkəzində oynayırdı, solaxay Toral Bayramov sağda çıxış edirdi. Bu cür müdafiə xətti ilə də “Qarabağ” 4:3 hesabı ilə qələbə qazandı. Bir neçə oyunçuya da istirahət verilmişdi, Kadi Borqes, Abdullah Zubir sonradan meydana daxil olmuşdular. Doğrudur, “Sabah” 10 nəfərlə qalmışdı. Lakin 11-11-ə də oynasaydılar, “Sabah” “Qarabağ”a rəqib deyil. Amma bakılılar çox xoş, gözəgəlimli futbol oynayır. Orada baş məşqçinin işini xüsusi qeyd etmək istərdim. Murad Musayevin fəaliyyəti alqışalayiqdir. Belə komandalar çox olarsa, çempionatımız daha yüksək rəqabətli keçər.

- “Qarabağ” növbəti həftəiçi Avropa Liqasında “Olimpiakos”un qonağı olacaq. Bu oyunöncəsi “Neftçi” ilə görüşdə mümkün rotasiyaları nəzərə alsaq, paytaxt təmsilçisi bundan yararlana bilər?
- Futbolçular millinin düşərgəsində olduqlarından, çoxdandır ki, bir yerdə oynamırlar. Düşünürəm ki, “Olimpiakos”la matç ərəfəsində “Neftçi” önündə əsas heyət üzvlərini ilk dəqiqələrdən meydanda görəcəyik. Bu da normaldır. “Qarabağ” ideal heyətlə sonuncu dəfə “Nant”a qarşı çıxış edib. Məncə, “Olimpiakos”la qarşılaşma öncəsi “Qarabağ” sınaq kimi “Neftçi” ilə oyunda optimal heyətlə mübarizə aparacaq.

- Uzun illər “Neftçi”nin ən çox oyun keçirən futbolçusu ünvanına sahib olmusunuz, “Qarabağ”ın heyətində isə avrokuboklarda ilk qola imza atmısınız. Hər iki klubun tarixinə düşmüş biri kimi, oktyabrın 1-də hansına azarkeşlik edəcəksiniz?
- Futbolçu karyeramda, püxtələşməyimdə “Neftçi”nin böyük rolu olub. 17 yaşımda ora dəvət almışam və 10 ildən artıq futbolçu, 4-5 il də məşqçi kimi çalışmışam. Əlbəttə ki, “Neftçi” doğma komandadır. İki ilim isə “Qarabağ”da keçib, orada xoş xatirələrim olub. Amma əsas karyeram “Neftçi” ilə bağlıdır. İstər futbolda, istərsə də həyatda nəsə nailiyyət qazanmışamsa, bunda “Neftçi”nin böyük rolu olub. Ancaq son illər görülən işlərə və oyununa görə “Qarabağ” daha uğurludur və bütün Azərbaycanı sevindirir.
 

0