Branimir Subaşiç: "Neftçi" avrokuboklara düşə bilməsə, uğursuzluq olacaq" - Müsahibə
05.04.2024 - 16:51
Branimir Subaşiç: "Neftçi" avrokuboklara düşə bilməsə, uğursuzluq olacaq" - Müsahibə

“Neftçi”nin sabiq forvardı Branimir Subaşiç Apasport.az saytına müsahibə verib. 

- "Neftçi" son oyunda ölkə kubokunda "Qarabağ"a 0:4 hesabı ilə uduzub. Başqa nəticə gözləyirdin, yoxsa Ağdam klubunun belə hesabla qalib gələcəyini ehtimal edirdin?
- "Qarabağ" hazırda "Neftçi"dən güclüdür. Bunu etiraf etmək lazımdır. Təəssüflər olsun ki, "Neftçi"dəkilər özünü göstərə bilmir. Futboldur, istənilən nəticə mümkündür. Amma fərqli nəticə ehtimal edirdim. Lakin "Neftçi" üçün yaxşı nəticə deyildi.

- Bu hesabdan sonra "Neftçi"nin geridönüş etməsi mümkündür?
- Təbii ki, bu, üstünlük böyükdür. "Qarabağ"la ilk oyundan sonra geridönüş etmək asan deyil. Hər halda, sona qədər mübarizə aparmaq lazımdır. Necə olacağına baxarıq. 

-Laurentsiu Regekampfdan sonra Adrian Mutu və Miodraq Bojoviç demək olar ki, heç nəyi dəyişə bilməyib. Nəticə yoxdursa, səncə problem nədədir? 
-Hələ ki, "Neftçi"də gözəl futbol görmürəm, əvvəlki "Neftçi"ni görmürəm. Ümidvaram ki, hər şey yaxşı olacaq. Yaxşı seleksiya işi aparmaq lazımdır. Gənc oyunçular da lazımdır. Üstəlik, zamana ehtiyac var. Ancaq zaman yoxdur, hamı tələsir. Tez bir zamanda nəticə olmasını tələb edirlər. 

- Miodraq Bojoviçin "Neftçi"dəki işi niyə görünmür? Yoxsa, sən fərqli düşünürsən?
- Düzü, hələ ki eyni şeydir. Amma unutmayaq ki, komandanı seleksiya edən Bojoviç olmayıb. Ümid edirəm ki, "Neftçi"də hər şey tezliklə yaxşı olacaq. "Neftçi"də gözəl oyun, daim hücum edən komanda, uğurlu nəticələr görmək istəyirəm.

- "Neftçi" turnir cədvəlində ikinci pillədədir, amma komandalar bir-birinə çox yaxındır. "Neftçi" avrokuboklara düşməsə, necə olacaq? 
- "Neftçi" avrokuboklara düşə bilməsə, uğursuzluq olacaq. Amma ümid edirəm ki, "Neftçi" avrokuboklara vəsiqə qazanacaq. Daha sonra komandada bəzi mövqelərdə seleksiya etmək lazımdır. Pozitivə köklənmək lazımdır. "Neftçi" böyük klubdur. Hər şeyin yaxşı olacağına inanmaq lazımdır.  

- Bojoviç "Srvena Zvezda"da Serbiya çempionu oldu. "Neftçi"də bunu edə bilmir. Belə çıxır ki, "Srvena Zvezda" "Neftçi"dən güclüdür?
- Bojoviç "Neftçi"yə qışda gəlib. Mən baş məşqçi olsaydım, komandada seleksiya işi aparmaq istəyərdim. Amma dəqiq onu bilirəm ki, hər ay məşqçini dəyişmək, yaxşı nəticə verməyəcək. Tezliklə "Neftçi"nin uğur qazanacağına inanıram. Onlar buna layiqdir.

0