![Branimir Subaşiç: "Sürpriz? Zarafat edirsiz? Söhbət “Neftçi”dən gedir..." - Müsahibə](https://apasport.az/storage/news/2025/february/12/big/67ac84b54fae867ac84b54fae9173935941367ac84b54fa2a67ac84b54fae7.jpg)
"Neftçi"nin veteran hücumçusu, vaxtilə "Qarabağ"ın da formasını geyinmiş Branimir Subaşiç apasport.az saytına müsahibə verib. O, "Neftçi"nin bu mövsümkü performansını dəyərləndirib. Branimir həmçinin Misli Premyer Liqasının 23-cü turunda baş tutacaq "Neftçi" - "Qarabağ" oyununda komandaların şanslarını dəyərləndirib.
- "Neftçi" son turda "Zirə"ni məğlub etməyi bacardı və komanda ardıcıl 3 oyundur ki, qələbə qazanır. "Neftçi"nin "Zirə"ni məğlub etməsi sənin üçün sürpriz olmadı ki?
- Sürpriz? Nə sürprizi?(gülür) Zarafat edirsiz? Söhbət “Neftçi”dən gedir, hansı ki, onsuz da bu komanda hər zaman qələbə qazanmalıdır. Axı, istənilən halda bu, “Neftçi”dir. Onlardan qalibiyyət həmişə gözləniləndir. “Neftçi” əvvəlki yoluna, əvvəlki durumuna qayıtmalıdır. Təbii ki, komandanın qələbəsinə sevindim.
- “Neftçi”nin yavaş-yavaş özünə gəldiyini demək olar? Yoxsa, düşünürsən ki, oyun sarıdan komanda yenə də gözləntiləri qarşılamır?
- Bəli, fikrimcə “Neftçi” yavaş-yavaş özünə gəlməyə başlayır. Amma istənilən halda, komandaya zaman lazımdır, daha çox işləmək mütləqdir. “Neftçi” “Şaxtyor”(Donetsk) kimi ola biləcək komandadır. Çünki hər bir şərait var, komanda üçün hər şey qurulub. Onlar ən yaxşı nəticəni qazanmalıdır. Buna məcburdurlar. Başa düşmürəm, hələ də nədir yolunda olmayan, yolunda getməyən? Ümidvaram ki, hər şey daha da yaxşı olacaq.
- "Neftçi" 22 turdan sonra 6-cı pillədədir və lider "Qarabağ"dan 29 xal geridə qalır. Halbuki çoxları düşünürdü ki, "Neftçi" bu sezon "Qarabağ"la çempionluq mübarizəsində yer alacaq...
- Bəli, komandanın bu sezon çempionluq mübarizəsi aparması çətindir. Xal fərqi də çox şeyi deyir. Görünən odur ki, çox sayda eksperimentlər oldu. “Neftçi” özünə gəlməlidir. Son matçlardakı qələbələr xoşdur. Ümid edirəm, həqiqətən özlərinə gəlirlər və bundan sonra daha da yaxşısını gözləmək olar. Amma bu sezon çempionluq uğrunda mübarizə aparmaq üçün artıq gecdir.
- Maraqlıdır ki, növbəti turda Azərbaycan derbisi yaşanacaq. "Neftçi" "Qarabağ"la qarşılaşacaq...
- Çox maraqlı oyun olacaq. Bu iki komandanın oyunları hər zaman maraqla gözlənilir. Onların turnir cədvəlində tutduğu mövqedən asılı olmayaraq belədir. Mən orada oynadığım dönəmdə də, "Neftçi" və "Qarabağ" klublarının görüşləri əla alınırdı. Bu dəfə də yaxşı oyun olacağından əminəm.
- Hansı komandaya azarkeşlik edəcəksən? "Neftçi"nin, yoxsa "Qarabağ"ın qələbə qazanmasını istəyirsən?
- Mən ən yaxşı illərimi "Neftçi"də keçirmişəm. "Qarabağ"da isə yaxşı işlər görülür, yaxşı təşkilatçılıq var. Proqnoz vermək çətindir. Daha güclü olan qalib gəlsin. Lakin ürəyim "Neftçi"nin yanındadır.
- “Neftçi" artıq 4 ildir ki, "Qarabağ"ı məğlub edə bilmir. Səncə də bu uzun müddət deyil?
- Bəli, həqiqətən də artıq çox uzun müddət olub. Ümidvaram ki, hər şey tez bir zamanda dəyişəcək. Bilirsiz gördüyüm mənzərə nədir? Eyni adamlar artıq 14-15 ildir ki, "Qarabağ"dadır. Amma "Neftçi"də nə qədər insanlar dəyişdirildi. Uğurlu olmaq üçün stabillik lazımdır. Halbuki klubda hər bir şərait var. "Neftçi" hər zaman ən yaxşısına layiqdir. Bunu dəqiq deyə bilərəm və hər şeyin daha yaxşı olacağına ümid edirəm.