Canni de Byazi: "Biz üç xalı düşünürük"
21.09.2022 - 20:22
Canni de Byazi: "Biz üç xalı düşünürük"

“Slovakiyanın italiyalı olan yeni baş məşqçisinə sabahkı qarşılaşmadan sonra uğurlar arzulayıram”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis Millətlər Liqasının sabah keçiriləcək Slovakiya ilə səfər matçı öncəsi mətbuat konfransında fikirlərini açıqlayıb: “Komandada atmosfer yaxşıdır. Ümid edirəm ki, sabah oyundan sonra da belə olacaq. Dörd matçda göstərdiyimiz oyuna görə az xal yığmışıq. Ümid edirəm ki, sabah imkanlardan maksimum istifadə edib daha yaxşı nəticə qazanarıq”. 

De Byazi Qara Qarayevi milliyə çağırmamağına da münasibət bildirib: “Qara Qarayev buraya gəlməməsinin səbəbini bilir. Ola bilər ki, bilmədiyini desin, amma bildiyinə əminəm”.

İtaliyalı çalışdırıcı başa çatan müqaviləsi barədə sualı da cavablandırıb: “Fikirləşmirəm ki, bu iki oyundan sonra bir qərar vermək və ya bu qarşılaşmalar həlledici ola bilər. Federasiya baxacaq, razıdırlar, ya yox. Amma nə olsa da dost kimi qalacağıq. Düşünmürəm ki, bu iki matç həlledici olsun”. 

Mütəxəssis 1-ci yer şansının qalmasından danışıb: “Öz oyunumuz haqda düşünməliyik. Çalışıb udmalıyıq. Heç nəyə baxmamalıyıq. Digər komandaların oyununun nəticəsi bizə kömək etsə yaxşıdır. Slovakiya da bunu gözləyəcək. Çalışmalıyıq ki, kompakt şəkildə birlikdə oynayıb, udaq”.

Mütəxəssis oyundan sonra da komandada ab-havanın yaxşı ola biləcəyini vurğulayıb: “Gözəl ola bilər. Hər şey özümüzdən asılıdır. Qoyduğumuz məqsəddən, ona çatacağımızdan asılıdır. Rəqibdən qorxmamalıyıq. Hər şeyə hazır olmalıyıq. Bilirik ki, necə oynayacaqlar və onlara necə çətinlik yarada bilərik”.

De Byazi rəqibin güclü heyətə malik olmasından da toxunub: “Françesko Kalzona Luçano Spallettinin köməkçisi olub. Heyətlərində İtaliya A seriyasında çıxış edən futbolçular var. Şkrinyar, Lobotka kimi ulduzlara məxsus komandadır. Slovakiya çox sürpriz komandadır. Amma biz üç xalı düşünürük. Futbol belədir. Kənardan asan görünə bilər. Amma heç də bu qədər asan deyil”.

Qeyd edək ki, sabah keçiriləcək Slovakiya – Azərbaycan matçı Trnavada təşkil olunacaq.

0