Ceyhun Sultanov: “Neftçi” bugünkü gündə baxımlı futbol oynamır”
02.12.2022 - 13:13
Ceyhun Sultanov: “Neftçi” bugünkü gündə baxımlı futbol oynamır”

“Hər iki komandaya mütləq qələbə lazımdır”.

Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

O, Misli Premyer Liqasının XVI turu çərçivəsində baş tutacaq “Neftçi” – “Qarabağ” oyunu barədə danışıb: “Qarabağ” iki oyundur qalib gələ bilmir, “Neftçi” də onlara çatmağa çalışacaq. Maraqlı oyun olacağı dəqiqdir. Əsas odur ki, yaxşı, bolqollu, maraqlı və mübarizə şəraitində oyun alınsın. “Neftçi” bu gün qalib gələrsə, onlar üçün altı xallıq oyun olacaq. Üstəlik, özlərinəinamı da artacaq. İnanmıram ki, “Qarabağ” asan təslim olsun, “Neftçi”yə imkan versin. Axı onların özünə də, qələbə lazımdır. “Neftçi” qalib gələcəyi təqdirdə, çempionluq mübarizəsində yaxşı addım atmış olacaq”.

Sultanov Ağdam təmsilçisinin son iki oyunda qələbə qazana bilməməsini yorğunçuluqla əlaqələndirib:
“Qarabağ”ın son iki oyunda qələbə qazana bilməməsi o demək deyil ki, onlarda nəsə düzgün getmir. Hər şey olur da. Futbolçular yorulub, milli komandada yer alan oyunçular var idi ki, onlar klubla birlikdə çox məşq etməyiblər. Yəni, detallar çoxdur. Hər halda, hər şeyi baş məşqçi və komandada işləyənlər bilər. “Qarabağ” hər zaman yaxşı, baxımlı futbol oynamağı bacarır. Onların özünəməxsus oyun üslubu var. Burada Kadi Borges və Abdullah Zubirin öz rolu var. “Qarabağ” kollektiv futbolu oynayır, sadəcə fərdi keyfiyyətlərdən də istifadə edirlər. Deməzdim ki, onlar oyunu Kadi və Zubirin üzərində qurur. Amma oyun elementlərində onların üstünlükü var. Hər iki futbolçu da istənilən an oyunun taleyini həll edə bilər”.

Bakı klubunun keçmiş direktoru “Neftçi”nin yeni transferlərə ehtiyac duyduğunu söyləyib: “Məncə, Laurentsiu Regekampf hələ optimal heyətini tam olaraq müəyyənləşdirə bilməyib. Əlində 11 futbolçusu var, ehtiyat qüvvəsi yoxdur. Komanda hələ ki, tam oyununu da tapa bilməyib. Bunun üçün bəlkə də, zaman lazımdır. Yaxud da, başqa bir şey. Fakt budur ki, “Neftçi” bugünkü gündə baxımlı futbol oynamır. İnanmıram ki, komandada köklü dəyişikliklər olsun. Çünki köklü dəyişikliyin də, xeyrini heç vaxt birdən-birə görə bilməzsən. Bunlar yavaş-yavaş gedən proseslərdir. “Neftçi”nin minimum 4 transferə ehtiyac olacaq ki, çempionatın sonuna qədər yaxşı nəticə göstərmək üçün mübarizə aparsın".

Qeyd edək ki, bugünkü  “Neftçi” – “Qarabağ” matçı saat 21:00-da başlayacaq.
 

0