“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel”ə (Beer-Şeva) qarşı keçiriləcək cavab oyunu barədə danışıb.
Apasport.az xəbər verir ki, litvalı mütəxəssis komandasının ilk görüşdə buraxdığı səhvlərdən nəticə çıxardığını və Bakıda qələbəyə inandığını bildirib.
Dambrauskas qarşılaşmaya hazır olduqlarını vurğulayıb:
“Bu oyun Buxarestdəki qarşılaşmanın davamıdır. İlk matçda etdiyimiz səhvlərdən nəticə çıxarmışıq. Hazırda bir top fərqi ilə geridəyik. Azarkeşlərimizə demək istəyirəm ki, hazırıq. İnanıram ki, sabah qalib gələcəyik”.
“Sabah”ın çalışdırıcısı daha əvvəl də komandalarını avrokubokların əsas mərhələsinə çıxardığını xatırladıb və həmin təcrübədən yararlanmağa çalışacağını söyləyib:
“Daha əvvəl də liqa mərhələsinə vəsiqə qazanmışam. Təcrübəmdən istifadə edərək bunu yenidən etməyə çalışacağam. İnanıram ki, mükəmməl vəziyyətdəyik. İkinci və üçüncü təsnifat mərhələlərindən mübarizəyə başlayan bəzi komandalar bunu bacarmadı. Rəqib hazırda bir top üstünlüyə malikdir və bundan istifadə etməyə çalışacaq. Biz onları analiz etmişik. Mənim bütün diqqətim sabahkı oyundadır”.
Qeyd edək ki, “Sabah” – “Hapoel” qarşılaşması avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Buxarestdə baş tutan ilk görüş İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.