Deni Qaysumov: "Azərbaycan millisinin oyununda stabillik yoxdur"
21.11.2024 - 17:58
Deni Qaysumov: "Azərbaycan millisinin oyununda stabillik yoxdur"

Azərbaycan milli komandasında oynamış Deni Qaysumov apasport.az saytına müsahibə verib. 

- Azərbaycan milli komandası İsveçlə görüşdə böyük hesabla uduzdu. Matç haqda fikriniz necədir? 
- Mən hər zaman Azərbaycan millisinin oyununa böyük həvəslə baxıram. Bu millidə hər zaman ürəklə oynamışam. Ona görə mənim üçün doğma komandadır. Düzü, İsveçlə görüşdə ümid edirdim ki, milli son görüşdə daha rahat və sakit ruhla oynayacaq. Amma heç cürə alınmadı. Ona görə də sonda belə oldu. 

- Milli komandanın İsveç önündə bu qədər aciz və əlacsız görünməsinin səbəbi nə idi, sizcə? 
- Oyunları yenidən analiz etmək lazımdır. Həm də inam da, oyundan-oyuna gəlir. Zamanla olur. Azərbaycan millisinin oyununda stabillik yoxdur. Ona görə də hər şey çox çətin alındı. Stabillik olsaydı, işlər də normal gedərdi. 

- Fernandu Santuş milliyə uğurlu nəticə üçün dəvət edilmişdi. Amma yığma D liqasına düşdü. Bu haqda nə düşünürsüz? 
- Təəssüf ki, bu da ilk dəfədir ki, baş verir. D divizionunda da oynamalı olacağıq.  Komandamızın indi sakit şəkildə işləməli və oyun qurmaq, sistemli şəkildə yüksəlməyə hazırlaşmaq üçün vaxtı və imkanı olacaq. Ümid edək ki, yaxşı olacaq.

- Azərbaycan millisinin D liqasına düşməsi böyük ayıbdır? Futbolumuzun hazırkı real durumunu göstərir? 
-  Xeyr, mən belə düşünmürəm. Çünki bəzən vəziyyəti düzəltmək, bəzən yıxılmaq daha yaxşıdır. Hadisələrin necə baş verdiyini görmək və deyilənlərə qulaq asmaq üçün. Hər şeyi müqayisə edib, nəticə çıxarıb sıfırdan başlamaq lazımdır. Yeganə stimul qayıtmaqdır, ona görə də komandadakı hər kəs maksimum motivasiyaya malik olmalıdır!

- Fernandu Santuş Azərbaycan millisinə lazımdır? Onsuz yeni komanda qurmaq olmaz? 
- Onun strategiyası aydındır. İndi Santuşun sakit şəkildə komanda qurmağa vaxtı var. Odur ki, hamımız üçün maraqlı olacaq. Ümid edirəm ki, komandamız gələcəkdə bizi sevindirəcək! Geri qayıtmaq üçün yaxşı motivasiya olmalıdır.

0