Donald Gerye: “Onlar uğur istəyirlərsə, “Qarabağ”ı izləsinlər” - MÜSAHİBƏ
09.12.2022 - 15:33
Donald Gerye: “Onlar uğur istəyirlərsə, “Qarabağ”ı izləsinlər” - MÜSAHİBƏ

“Qarabağ” və “Neftçi” klublarının sabiq müdafiəçisi, hazırda Kiprin “Olimpiakos” (Nikosiya) komandasının formasını geyinən Donald Geryenin apasport.az saytına müsahibəsi

- Ölkə çempionatının hesabat turunda sabiq komandaların “Neftçi” və “Qarabağ” üzə-üzə gəldi. Həmin oyunda “Qarabağ” 4:0 qalib gəlməyi bacardı. Oyunu izlədin?
- Qarşılaşmaya baxmağı çox istəyirdim. Öncə harada izləyəcəyimi bilmədim. Amma sonradan dostuma dedim. Sağ olsun, mənə link göndərdi. Məhz bundan sonra oyunu əvvəldən sona qədər izləyə bildim.

- Görüşün bu hesabla başa çatacağını gözləyirdiz?
- “Qarabağ” yaxşı futbol oynadı və yaxşı da qollar vurdu. Təbii ki, bu nəticə məni təəccübləndirmədi. Çünki “Qarabağ”ın nəyə qadir olduğunu bilirəm. Qurban Qurbanovu da yaxşı tanıyıram. Əmin idim ki, “Qarabağ” “Neftçi” ilə görüşdə uğurlu nəticə əldə edəcək.

- Bu mövsüm “Neftçi” uğurlu çıxış edə bilmir. Komanda nəinki çempionluq mübarizəsindən uzaq düşüb, hətta ikinci pillədə də deyil. Bu barədə fikrin necədir?
- Futbolda belə hallar olur. Hətta İngiltərə Premyer Liqasında da bunu görə bilərsiniz. Məsələn, “Çelsi” mövsümə yaxşı başlayır, üst pillələrdə olur. Amma zaman keçdikcə, turnir cədvəlində aşağı pilləyə düşür. Bu da “Çelsi”nin pis komanda olması demək deyil. Futbolda belə hallar olur. İnanıram ki, “Neftçi” də çox yaxşı hazırlaşacaq və daha güclü olacaq. Çünki onlar da yaxşı komandadır.

- “Sabah”ın ikinci pillədə qərarlaşması necə sənin üçün gözlənilməz deyil ki?
- “Sabah” da yaxşı komandadır. Orada dostum Abdulaye Ba oynayır. Yaxşı müdafiəçidir. Komandanın güclü olması üçün aşpazdan tutmuş məşqçiyə qədər hamı bərabər çalışmalıdır. Ona görə də “Qarabağ” uzun müddətdir ki, uğurlar qazanır. Orada hamı bərabər komanda üçün çalışır. Azərbaycanda hansısa komanda uğur qazanmaq istəyirsə, “Qarabağ”ı izləsin. Bunu ona görə demirəm ki, mən orada oynamışam. Sadəcə ona görə deyirəm ki, “Qarabağ”da komandanı necə idarə etməyi bacarırlar. 

- Hər zaman Azərbaycana qayıtmağa hazır olduğunu bildirirsən. Maraqlıdır, təklifin var və qışda bu baş verə bilər?
- Bəli, agentimlə danışmışam. Düzünü desəm, 1-2 klubla danışmışam, baxaq, görək necə olacaq. Amma mən hazırkı klubumla bir illik müqavilə imzalamışam və müqaviləm maya qədər nəzərdə tutulub. Hər şeyin zamanı var. Demirəm ki, Azərbaycana gəlmərəm. Amma ora dönməyimin hələ ki, zamanı deyil. Vaxtımı gözləyirəm. Zamanı gələndə məmnuniyyətlə Azərbaycana qayıdacam. Çünki uzun illər orada yaşamışam. Azərbaycan həmişəlik mənim beynimdədir. Orada həm gözəl, həm də pis anlarım olub. “Qarabağ”la uğurlu vaxtlar, övladımın dünyasını dəyişməsi... Azərbaycanda özümü futbolçu kimi də çox inkişaf etdirmişəm, niyə də qayıtmayım? Təklif və fürsət olarsa, qayıdaram.
 

0