Əfran İsmayılov: “Onun Azərbaycan millisinə heç bir faydası yoxdur” - MÜSAHİBƏ
06.12.2022 - 14:37
Əfran İsmayılov: “Onun Azərbaycan millisinə heç bir faydası yoxdur” - MÜSAHİBƏ

“Kəpəz”in futbolçusu Əfran İsmayılovun apasport.az saytına müsahibəsi

- Uzun müddətdir ki, oynamırdın. Artıq hazırsan? Növbəti oyunda səni meydanda görə bilərik?
- Bəli, zədəli olduğum üçün çoxdandır oynamırdım. Bakıda müalicə olundum. Yenidən geriyə döndükdə daha istəkli idim, oyunlara çıxaraq komandaya kömək etmək, futbol oynamaq niyyətindəydim. “Səbail” və “Qəbələ” ilə görüşlərimiz var idi. Həkim bildirmişdi ki, tələsmə, tam düzəlsin daha sonra meydana çıxarsan. Dedim ki, sağalmışam. Süni örtüklü meydançada məşq edirik. Bu da, daha çox zədəyə və yüklənməyə səbəb olur. Məşq etdim, hər şey normal keçdi. “Səbail”lə oyuna bir gün qalmış zədəm yenidən özünü göstərdi. Ondan sonra özümə söz verdim ki, tam sağalmamış meydana çıxmayacam. Tam sağalana qədər gözlədim. 10-15 gündür ki, komanda ilə birlikdəyəm. Oynamağa da tam hazıram. Əlbəttə, kimin meydana çıxacağına baş məşqçi qərar verir. 30 və ya 70 dəqiqə də olsa, oynamağa hazıram. Buna gücüm var. Növbəti matçlarda şans verilərsə, rahat şəkildə komandama kömək edərəm. 

- "Kəpəz" son oyunda evdə "Sumqayıt"a məğlub oldu. Halbuki rəqib matçı azlıqda bitirdi. Məğlubiyyəti nə ilə əlaqələndirirsən?
- Bəli, bir az acınacaqlı məğlubiyyət oldu. Qələbə qazanmağı çox istəyirdik. Həmin üç xal bizə altı xal və hava-su kimi lazım idi. Çünki qalib gəlsəydik, “Şamaxı” və “Səbail”i keçərək yuxarı pillələrə yüksələcəkdik. Bu da bizə əlavə güc, stimul verəcəkdi. Amma olmadı. Açığı, əvvəlki oyunlarla müqayisədə, bu matçda çox zəif oynadıq. “Sumqayıt”ın şansları da bizimkindən çox oldu, hücumda kəsərli deyildik. Standart vəziyyətdən də qol buraxdıq. Halbuki, çox məşq etmişdik, hazırlaşmışdıq. Komanda, bütün futbolçular zəif oynadı. “Sumqayıt” gözəl futbol oynadı. Matça həvəsli çıxmışdılar, istədikləri qələbəni qazandılar. Çünki onlar üçün də vacib idi.

- "Sumqayıt"a evdəki məğlubiyyət komandaya necə təsir etdi? Atmosfer sarıdan problem yaranmayıb ki?
- Əsas odur ki, məğlubiyyətlərdən nəticə çıxarasan və qarşıdakı oyunlarda həmin səhvləri təkrarlamayasan. Qarşıda kubok matçımız var. Bu, bizim üçün də vacibdir. Çünki burada Avropaya çıxış daha rahatdır. Bunu dərk edirik. Mərhələ adlamaq iki oyundan ibarətdir, çətin olacaq. “Turan Tovuz”la qarşılaşmaya ciddi hazırlaşırıq. Mərhələni adlamaq lazımdır. Çempionatda da ağır oyunlarımız var. “Zirə” və “Sabah”a qarşı çətin görüşlərə çıxacağıq. Bundan sonra hər oyuna daha ciddi yanaşmaq lazımdır. Turnir cədvəlinin sonuncu pillədə bitirmək istəmirsənsə, mütləq xal və xallar qazanmaq lazımdır.

- Komanda uduzsa da, ümumi götürsək, Tərlan Əhmədovun gəlişindən sonra “Kəpəz” yaxşı futbol nümayiş etdirir. Səncə, qışdan sonra heyətdə dəyişikliklər olacağı təqdirdə, daha güclü "Kəpəz" gözləməyə dəyər?
- Bəli, Tərlan Əhmədovun gəlişindən sonra oyunumuzda dəyişiklik var. Yaxşı futbol oynayırıq. Amma tarixdə necə futbol oynamaq yox, nəticə qalır. Ona görə də, əsas məsələ qələbələr, xal və xallar qazanaraq üst pillələrə qalxmaqdır. Təbii ki, oyunumuzu da mükəmməlləşdirməliyik. Dəyişikliklərə isə mən yox, rəhbərlik və baş məşqçi qərar verir. Bilmirəm necə olacaq. Güclənməyə ehtiyac var. Hücum xəttimiz yoxdur. Daha doğrusu, Rauf Əliyevin gedişindən sonra bu mövqe yox kimidir. O, “Kəpəz”in ikinci komandasında qollarını sıralayır, komandanı dördüncü pilləyə yüksəldib. Öz gücünü orada göstərir, başını aşağı salıb, işi ilə məşğuldur. Rauf kimi futbolçuya ehtiyacımız var. İnanıram ki, transferlər olacaq və komanda daha yuxarılara qalxacaq. 

- "Kəpəz"in növbəti oyunları ölkə kubokunda "Turan Tovuz"a qarşı olacaq. Qərb derbisi adlanan oyunlarda "Turan Tovuz" səddini keçərək yarımfinala adlamağı real hesab edirsən? 
- Ağır olacaq. Onlar da kuboku daha çox fikirləşirlər. Yəqin ki, “Turan Tovuz” tərəfi də düşünür ki, Avropaya getməyin ən yaxın yolu kubokdur. Ayxan Abbasov kimi yaxşı baş məşqçisi var. Biz də qələbə qazanmaq, növbəti mərhələyə adlamaq istəyirik. İnanıram ki, yaxşı oyunlar göstərərək, bunu reallaşdıracağıq. 

- Bu mövsüm çox da oynamadın. Doğrudur, zədə səbəbindən meydana çıxa bilmirdin. Amma bu, bir növ karyeranın son mövsümü olduğunun göstəricisidir, yoxsa hələ bir neçə il oynayacaqsan?
- Həmişə nə deyirəm, əksi baş verir. Görək də, necə olacaq. Qərara gələcəyik. Hər şeyi biləcəksiz. Hələ ki, oynayıram, karyerama davam edirəm. “Kəpəz”ə kömək etmək istəyirəm və baş məşqçidən şans gözləyirəm. Şans verilərsə, çıxıb öz gücümü göstərəcəm.

- Bu mövsümki Premyer Liqa əvvəlki illərin çempionatlarından nə ilə fərqlənir? Çempionluq mübarizəsində sabiq komandan "Qarabağ"la "Sabah" yarışır, sanki, "Neftçi" mübarizədə yoxdur…
- Premyer Liqa daha maraqlı olub. Komandalar rayonlara səfərə gedir. Gəncədə, Tovuzda da çətinliklərlə üzləşir. “Sabah” həqiqətən də, güclənib, daha yaxşı formadadır. “Neftçi” çox zəif oyun nümayiş etdirir. Qələbə qazananda da elə güclü oynamırlar. “Qarabağ” elə “Qarabağ”dır, öz oyunu və qələbələri ilə çalışır ki, yenə çempion olsun. “Sabah” daha yaxşı nəticələr göstərməyə layiqdir. Çox yaxşı futbol oynayır, keyfiyyətli futbolçulara sahibdir. “Neftçi”nin nə olursa-olsun, ad-sanı var. Onlara qarşı hamı həmişə ciddi hazırlaşır. Qalan klublar isə demək olar ki, bərabər səviyyədədir. Dördüncü yer uğrunda hansı komanda istəyirsə, mübarizə apara bilər. Çempionat uzundur. 

- Azərbaycan millisinin son 5 oyunda qalib gəlməsini necə qiymətləndirirsən? Səncə, milli komandada hər şey yaxşıdır və yığmadan AVRO-20224-də Avstriya, Belçika, İsveç və Estoniya ilə eyni qrupda uğurlu nəticə gözləmək olar?
- Bu, çox yaxşı hadisədir. Amma bunlar yoldaşlıq görüşləridir. Hər halda, qələbələr futbolçuları motivasiya edir, onlar bir-birinə yavaş-yavaş öyrəşir. Komanda qollar vurur, pressinq edirlər, irəliləyiş var. İnanıram ki, AVRO-2024-də davamını gətirəcəklər. Vaxtıdır. Qələbələri sıralayırıq, futbol oynamağı bacarırıq. Bunun da davamını gətirmək lazımdır. Belə də olacaq. Həmişə istəmişəm ki, Azərbaycan daim irəli getsin. Hər zaman millini klubdan fərqləndirmişəm. Gözləyək, görək necə olur. Nə qədər irəli getsələr, biz azarkeşlər sevinəcəyik, əsas da, Azərbaycan futbolu inkişaf edəcək. Təki, qrupdan çıxsınlar.

-  Son vaxtlar “Ximki”nin rusiyalı futbolçusu Ayaz Quliyevə Azərbaycan pasportunun veriləcəyi ilə xəbərlər yayılıb. O, milli komandamızda oynamaq istəyir. "Spartak"da yaxşı durumunda yığmamıza gəlməyən, Rusiyadan təklif gözləyən Quliyevin komandamızın formasını geyinmək istəyini səmimi qəbul edirsən? 
- Düzünü deyim, Ayaz Quliyevi o qədər də yaxşı tanımıram. Pis başa düşülməsin, futbola elə də çox baxan deyiləm, onun hansı komandada oynadığını da bilmirəm. Bu haqda danışa bilmərəm. Həmişə demişəm, milliyə kim gəlirsə-gəlsin, əsas odur xeyir versin. Filip Ozobiç haqda da əvvəl onu demişdim. Bildirmişdim ki, gəlirsə, xeyir versin. 30-31 yaşı var, amma Ozobiç o deyil, Azərbaycan millisinə heç bir faydası yoxdur. Yəni, belə olmasın. Gələn milli üçün xeyir verməlidir, formanın dəyərini bilməlidir, hara gəldiyini anlamalıdır. Gerbi, himni dərk etməlidir və milli üçün ürəyini meydanda qoymalıdır.
 

0