Elhad Nəziri: "Laynsman deyir ki, autdur, amma baş hakim rəqib komandanın lehinə qərar verir"
25.09.2024 - 18:20
Elhad Nəziri: "Laynsman deyir ki, autdur, amma baş hakim rəqib komandanın lehinə qərar verir"

“Bu, bizə yaxşı mənada dərs oldu. Belə nəticələrdən dərs çıxararaq böyüyəcəyik”.

Bu sözləri “Cəbrayıl”ın baş məşqçisi Elhad Nəziri apasport.az saytına açıqlamasında deyib.

Mütəxəssis I Liqanın 3-cü turunun “İmişli” ilə matçını dəyərləndirib: “Oyuna pis hazırlaşmamışdıq. Rəqibin üstün və zəif cəhətlərini bilirdik. 45-ci dəqiqədə hakimin qapımıza təyin etdiyi 11 metrlik cərimə zərbəsi hamını ruhdan saldı. Epizodu dəqiq görməmişəm, birazdan izləyəcəm. Konsentrasiyanı anidən itirdik və iki top buraxdıq. Buna baxmayaraq futbolçularımı təbrik edirəm”.

O, baş hakimdən narazılığını da dilə gətirib: “Difai Ağsu” ilə keçirilən oyunda futbolçumuz Okan Təhməzli baldır qoruyucularını çıxardığı üçün qırmızı vərəqə ilə cəzalandırıldı. İndi isə rəqibin oyunçusuna eyni epizoda görə heç vərəqə verilmədi. Yaxınlaşıb hakimdən səbəbini soruşanda dedi ki, belə epizoda kart verilmir. Bunun səbəbini özüm də aydınlaşdıra bilmədim. Referi epizodları qaçırır, oyunu əldən verirdi. Laynsman deyir ki, autdur, amma baş hakim rəqib komandanın lehinə qərar verir. Həmişə çalışmışam ki, hakimlikdən danışmayım. Lakin bugünkü hakim oyunun tempini yavaşladır və bizə əks qərarlar verirdi”.

İsmayıl Xeyrullayev
 

0