Emin İmaməliyev: “Hesab oyuna görə olmadı” - MÜSAHİBƏ
27.09.2024 - 19:25
Emin İmaməliyev: “Hesab oyuna görə olmadı” - MÜSAHİBƏ

"Qarabağ"ın sabiq futbolçusu Emin İmaməliyev Apasport.az saytına müsahibə verib.

- "Qarabağ"ın "Tottenhem"ə qarşı oyununu necə qiymətləndirərdin? Səncə, "Qarabağ" xal qazanmağa layiq idi?
- Əlbəttə ki, "Qarabağ" xal qazanmağa layiq idi. Təmsilçimiz çox yaxşı futbol oynadı. Sadəcə bəzi nüanslar onlara xal qazanmasına imkan vermədi. Təəssüf ki, belə oldu.

- "Qarabağ"ın bu görüşdə 10 nəfərlə qalan rəqibindən 3 qol buraxmasını necə şərh edərdin? Hər halda, rəqib ilk dəqiqələrdən 10 nəfərlə qalsa da, "Qarabağ" rəqibi ilə bacarmadı və yenə də uduzdu. Halbuki hər şey "Qarabağ"ın nəticə qazanması üçün uyğun idi. Razısan?
- Nəzərə alsaq ki, "Qarabağ" iki saatdan çox tıxacda qalıb. Qurban müəllimin dediyini oxudum. Məncə də, bu hardasa, oyuna təsir etdi. İlk 10-15 dəqiqə "Qarabağ" sanki özünə bənzəmirdi. Özünə gələnə qədər bir az vaxt çəkdi. Ondan sonra 60-65 dəqiqə çox yaxşı oynadıq. Son avrokubok oyunlarında "Qarabağ" üçün idman xoşbəxtliyi ondan üz çevirib. "Dinamo" ilə oyunlarda da belə oldu, dünən "Tottehem"lə görüşdə belə oldu. 

- Penalti zərbəsini səncə nəyə görə Yassin Benzia, Juninyo ola-ola, Toral Bayramov yerinə yetirdi? Ümumiyyətlə, Toralın qeyri-dəqiq zərbəsi matçın hesabına birbaşa təsir etdi demək olar?
- Penaltiləri onsuzda əsasən Toral yerinə yetirir. Bilirsiz, o qədər qol epizodu yaradıb, vura bilməmək... Bu ancaq idman xoşbəxtliyi ilə bağlıdır. Şanssızlıq. Penaltidən də istifadə edə bilmədik. Sonda da acı nəticə oldu. Hesab oyuna görə olmadı. Başqa nəticə olmalı idi. Məncə, "Qarabağ" oynadı, "Tottenhem" sadəcə yaradılmış imkanları qola çevirdi. "Tottenhem" asan qollar vurdu. "Qarabağ"ın isə o cür qol imkanları reallaşmadı. Sonda da uduzdular. 

- "Qarabağ"ın "Dinamo" ilə oyun da daxil olmaqla, sanki son iki Avrokubok görüşündə effektsiz olması, son nöqtəni qoya bilməməsinin əsas səbəbi səncə nədir?
- "Qarabağ" 60-65 dəqiqə çox yaxşı futbol oynadı. Sadəcə epizodlar alınmadı. Qarşıda oyunlar çoxdur. İnanıram ki, "Qarabağ" xallar yığaraq pley-off mərhələsinə vəsiqə qazanacaq. Onlar oyunu ilə buna layiq olduqlarını göstərirlər.

- Növbəti görüş Bakıda "Malmö"yə qarşıdır. İsveç klubu "Reyncers"ə uduzdu. Səncə, "Qarabağ" nə edə bilər?
- Özünüz də bilirsiz ki, hazırda asan rəqib yoxdur. Özü də avrokuboklarda bütün komandalar yaxşıdır. "Qarabağ" "Tottenhem"lə görüşdə çox yaxşı futbol nümayiş etdirdi. Bu mənada deyirəm ki, "Qarabağ" bu oyunlarda uğurlu nəticə qazana bilər. Doğrudur, "Malmö" də yaxşı komandadır. Fikrimcə, komandamız bu görüşdə uğurlu nəticə əldə edə bilər.

0