Emin Mahmudov: “Sabah geridönüş etməyə çalışacağıq”
27.07.2022 - 18:35
Emin Mahmudov: “Sabah geridönüş etməyə çalışacağıq”

“Çox da danışmaq lazım deyil. Bizim üçün cox vacib oyundur”

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov Konfrans Liqasının II təsnifat mərhələsidə Kipr klubu “Aris”lə keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi səfərdə 0:2 hesabı ilə məğlub olan komandasının sabah “Bakcell Arena”da bunun əvəzini çıxmağa çalışacağını söyləyib: “İlk görüşlə müqayisədə daha istəkli və aqressiv oynamalıyıq. Rəqib də yaxşı komandadır. Amma növbəti mərhələyə adlamaq üçün ilk matçdan daha yaxşı oynamalıyıq”.

- 0:2 ən arzuolunmaz hesab sayılır. Siz bu fikirlə razısınızmı?
- Hesabın fərqi yoxdur. İlk görüşdə hələ yaxşı ki, son epizodda qol vura bilmədilər, 0:3 ola bilərdi. Biz sabah geridönüş etməyə çalışacağıq. Fikrimcə, 0:2-nin əvəzini çıxmaq olar.

- Beş ildir “Neftçi”də bir neçə mütəxəssisin rəhbərliyi altında çıxış etmisiniz. Yeni baş məşqçi barədə nə deyə bilərsiniz?
- Hələ 3-4 həftə keçib. Bir-birimizi daha yaxşı tanımalıyıq. Hələ tam onun istədiyi kimi oynaya bilmirik. Yeni oyunçular var, bir-birimizə tam uyğunlaşmamışıq. Düşünürəm ki, bir ay ərzində baş məşqçini daha yaxşı başa düşəcəyik. İndiki məqamda isə bizi yalnız nəticə qane edir. Məşqçi hətta istəməsə də, nəticə tələb edən oyunu göstərməliyik.

- Kapitan olaraq futbolçuların sabahkı oyuna psixoloji hazırlığı nə yerdədir?
- Hamımız bu oyunun əhəmiyyətini dərk edirik. Motivasiyamızı sabah hamı görəcək. Meydanda əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.
 

0