Emreli Xorvatiyada müzakirəyə çıxarıldı: “Bəzən burada olduğunu unuduruq”
27.09.2022 - 15:52
Emreli Xorvatiyada müzakirəyə çıxarıldı: “Bəzən burada olduğunu unuduruq”

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xotvatiyada yenidən müzakirə mövzusuna çevrilib.

Apasport.az xəbər verir ki, germanijak.hr saytının ekspertləri Zaqreb “Dinamo”sunun forvardının hazırkı durumunu dəyərləndirib.

Həmkarlarımız Xorvatiya klubunda əsas heyətdən kənarda qalan Emrelinin kollektivə heç cür uyğunlaşa bilmədiyini vurğulayıb: “Maksimir”dəki Azərbaycan millisinin futbolçusu yoldan keçən biri kimi görünür. Bəzən onun burada olduğunu da unuduruq. Bu mövsüm cəmi 173 dəqiqə oynayıb, 1 qol vurub. Komandaya ciddi faydası dəyməyib. Baş məşqçi mövsümün əvvəlində Emrelini oyun qurucusu kimi oynatmağı düşünürdü. Halbuki Mahir cinahda da çıxış edə bilir. Ancaq o, bu mövqelərin heç birində özünü göstərə bilmədi. Üstəlik, “Dinamo”ya gəldikdən sonra bir neçə dəfə zədələnib. Deyəsən, “Dinamo”nun paltardəyişmə otağına və komanda yoldaşlarına hələ tam uyğunlaşmayıb. Əsas sual bu olmalıdır: Qış fasiləsinə qədər neçə oyunda şans qazanacaq? Çünki hücumda Bruno Petkoviç və Yosip Drmiç, sağ cinahda isə Dario Şpikiç onu qabaqlayır. Azərbaycanlı oyunçunun gələcəyi hələ də böyük müəmmadır. Daha dəyərlidirsə, zaman keçdikcə göstərməli idi”.

Qeyd edək ki, “Dinamo”ya bu ilin fevralında “Lex”dən keçən Mahir Emrelinin klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.
 

0