“Fehervar”ın futbolçusu: “Qəbələ” kökündən dəyişmək istəyəcək”
26.07.2022 - 14:56
“Fehervar”ın futbolçusu: “Qəbələ” kökündən dəyişmək istəyəcək”

“Qəbələ” ilə cavab oyununa ciddi hazırlaşırıq və komandada əhval-ruhiyyə yüksəkdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Fehervar”ın müdafiəçisi Nikola Serafimov Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə keçirilən ilk oyun barədə danışarkən deyib.

Macarıstan təmsilçisinin yeni transferi klubun rəsmi saytına açıqlamasında 4:1 hesabı ilə qalib gəldikləri ev oyununda azarkeşlərin dəstəyini xüsusi vurğulayıb: “Fehervar” üçün uğurlu alınan matçda debüt etdiyim üçün çox şadam. Stadionda atmosfer əla idi, meydanda azarkeşlərin dəstəyi bizim üçün çox şey ifadə edirdi. Planlaşdırdığımız kimi başlamadıq, amma fasilədə məşqçilər korpusundan faydalı məsləhətlər aldıq və oyunu dəyişə bildik”.

Şimali Makedoniya millisinin üzvü “Qəbələ”nin hesabı açdığı qarşılaşmada cavab qollarının həlledici olduğunu düşünür: “Məncə Kenan Kodronun bərabərlik qolunu vurması ən vacib məqam oldu. Çünki bu, fasiləyə bir qədər sakit getməyimizə imkan verdi. İkinci hissə çox yaxşı alındı, 4:1 hesabı ilə qalib gəldik. Ən başlıcası indi hər şey öz əlimizdədir”.

23 yaşlı mərkəz müdafiəçisi hələ də mərhələnin taleyinin həll olunmadığını bildirib: “İndiki futbolda hər şey ola bilər. Ona görə də üç qol fərqinə baxmayaraq, arxayınlaşa bilmərik. Cavab matçına tam hazır olmalıyıq. Əminəm ki, “Qəbələ” görüşü kökündən dəyişmək istəyəcək və əzmlə oynayacaq. Amma biz də hazırıq, kəskinik, məqsədimiz səfərdə də qələbə qazanmaqdır. Azərbaycanda heç vaxt oynamamışam. Orada növbəti mərhələyə inamla irəliləyəcəyimizə əmin olmaq üçün köklənməliyik”.

Qeyd edək ki, iyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Fehervar” matçı saat 20:00-da başlayacaq.

0