“Fehervar”ın kapitanı: “Qəbələ” oyunu kobud şəkildə pozmağa çalışırdı”
22.07.2022 - 14:23
“Fehervar”ın kapitanı: “Qəbələ” oyunu kobud şəkildə pozmağa çalışırdı”

“Matça pis başladıq, rəqib önə keçdi və tələsik oynadıq”.

Apasport.az saytının məlumatına görə, bunu Macarıstanın “Fehervar” klubunun kapitanı Attila Fiola Konfrans Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə keçirilən ilk görüşü haqda danışarkən deyib.

32 yaşlı müdafiəçi bildirib ki, bu qalibiyyəti ikinci hissədəki performanslarına borcludurlar: “Heç nəyə bəhanə yoxdur, birinci hissədə yaxşı görünmədik. Fasilədə özümüzü toparlamağa çalışdıq və ikinci hissədə daha ağıllı çıxış etdik. Daha çox şans yaratdıq və üç qol vurduq. İkinci 45 dəqiqə göstərdi ki, bu fərqlə qalib gəlməyə layiq idik”.

Macarıstan millisinin sağ cinah oyunçusu “Qəbələ” futbolçularının oyun ərzində kobudluğa çox əl atdıqlarını da sözlərinə əlavə edib: “Azərbaycan klubu vaxtı uzatmağa və oyunu kobud şəkildə pozmağa çalışırdı. Bunu da öncədən bilirdik. İkinci qolumuzdan sonra rəqib dəyişmək məcburiyyətində qaldı və bundan yararlanmağı bacardıq. 4:1 hesablı qələbəyə baxmayaraq, cavab oyununa elə hazırlaşacağıq ki, sanki daha az fərqlə qalib gəlmişik”.

Qeyd edək ki, iyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq.

0