
"Oyunda onlardan nələr tələb etdiyimi anlayırlar".
Apasport.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş, sabah Latviya ilə keçirəcəkləri yoldaşlıq matçından öncə mətbuat konfransında bildirib.
Təcrübəli mütəxəssis sabahkı oyun və futbolçular haqqında bir sıra açıqlamalar verib:
"Futbolçular təlim-məşq toplanışından əvvəl özlərini yaxşı tərəfdən göstəriblər. Oyunda onlardan nələr tələb etdiyimi anlayırlar. "Qarabağ" və "Sabah"ın futbolçuları ölkə kubokunun final oyunundan sonra kollektivə qoşuldular. Onlar da eyni tempdə hazırlaşırlar. Bütünlüklə sabahkı oyuna köklənmişik. Çətin görüş olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Latviya yığması keyfiyyətli futbolçulardan qurulub. Rəqib barədə oyunçularımıza ətraflı məlumat vermişik. Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Futbolçularımızın hamısı çox istəkli və motivasiyalıdırlar. Kubokun finalından sonra komandaya qoşulanlarla yalnız taktiki məşqlər üzərində çalışa bildik. Bunu da meydanda göstərəcəklərinə inanıram. Sabah start heyətində meydana çıxsa, kapitan sarğısını Emin Mahmudov taxacaq. Həmçinin, komandanın penalti vuranı da o olacaq".
Qeyd edək ki, Latviya - Azərbaycan matçı iyunun 7-də Riqadakı “Skonto” stadionunda Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.