“Futbol məşqçilərinin peşəkar inkişaf proqramı” başa çatdı
19.10.2026 - 19:42
“Futbol məşqçilərinin peşəkar inkişaf proqramı” başa çatdı

“Qarabağ” Futbol Klubu və Azərbaycan İdman Akademiyası (ASA) əməkdaşlığı çərçivəsində həyata keçirilən “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın yekunlarına həsr olunmuş sertifikat təqdimetmə mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə “Qarabağ” FK-nın baş direktoru Emrah Çelikel və Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış ediblər.

Daha sonra ASA-nın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva tərəfindən təlim proqramı haqqında təqdimat edilib, Ömürboyu təhsil şöbəsinin müdiri Lalə Məmmədova isə proqramın nəticələri barədə hesabatla çıxış edib. Tədbir çərçivəsində proqramın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sonda proqramı uğurla başa vurmuş futbol məşqçilərinə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, proqram “Qarabağ” FK Akademiyası ilə Azərbaycan İdman Akademiyası arasında əməkdaşlığın və futbol məşqçilərinin peşəkar inkişafına yönəlmiş fəaliyyətin tərkib hissəsidir.