Futbolumuzda inqilab
27.06.2022 - 10:07
Futbolumuzda inqilab

Avropanı fəth edən milli komandamız idman tariximizdə yeni səhifə açdı
 
Futbol dünyanın ən çox sevilən, ən çox izləyici kütləsi olan idman növlərindən biri və deyərdik ki, hətta birincisidir. Dünyanın əksər ölkələrində futbolu kifayət qədər sevən, izləyən və azarkeşlik edən minlərlə, milyonlarla insan var. Elə Azərbaycanda da bu oyunun kifayət qədər sadiq azarkeşlər ordusu var.
Əfsuslar olsun ki, Azərbaycanın futbol üzrə milli komandası bu sadiqliyə layiq oyun sərgiləmir. İllərdir ki, futbolun inkişafı ilə bağlı proqramlar qəbul olunsa da, qərarlar verilsə də, bu sahəyə kifayət qədər maliyyə vəsaiti ayrılsa da, yığma komandamızın "oyun ruhu" dəyişmir ki, dəyişmir.
Amma bu o demək deyil ki, ölkəmizdə, ümumiyyətlə, futbol olmayıb. 1960-80-ci illərdə SSRİ yığmasının tərkibində yer alan azərbaycanlı futbolçuların adları yaşlı nəslin nümayəndələrinə çox yaxşı tanışdır.


İndi isə tam başqa mənzərəyə şahidlik edirik. Millimiz hətta əhalisinin sayına, ərazisinin kiçikliyinə görə Azərbaycandan qat-qat zəif ölkələrin yığmasına yenilməklə antirekordlar yazır. Tarixinin ən qüdrətli dövrünü yaşayan, iqtisadi və sosial cəhətdən inkişaf edən, orbitə 3 peyk buraxan Azərbaycanda 11 nəfər yaxşı futbol oynaya bilən niyə tapılmır axı?!.
 
Peşəkarlığın, milli ruh və vətənpərvərliyin yaratdığı reallıq
 
Milli komandalar səviyyəsində futbolda son uğurumuz 5 il öncəyə, 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarına təsadüf edib. O zaman U-23 millimiz bütün rəqibləri üstələyərək qızıl medallara layiq görülmüşdü. Həmin vaxtdan 2022-ci ilin iyun ayının 11-dək komanda şəklində futbolda böyük uğur qazana bilməmişdik. Yəni minifutbol millimiz Avropa çempionu olana qədər...

Artıq bir neçə gündür ki, yığmamızın bu böyük uğuru haqqında fəxrlə danışılır, qürur hissi keçiririk. Nəhayət ki, Avropa futbolunda Azərbaycan bayrağı ən yüksək zirvəyə ucaldı və Dövlət himnimiz səsləndirildi. Düzdür, fərdi idman yarışlarında nəinki Avropa və dünya çempionatlarında, eləcə də olimpiya oyunlarında bu fəxarətli anları yaşamışıq, idmançılarımızın qələbələri ilə dünyaya səs salmışıq. Amma milli futbol komandası səviyyəsində indiyədək belə uğurumuz olmamışdı.
Tarixində ilk dəfə minifutbol üzrə Avropa çempionu olan Azərbaycan yığma komandasının bizlərə yaşatdığı sevinc hissləri əvəzedilməz oldu. Çünki komandamızın Avropa çempionu olması hər birimizi sevindirmək üçün kifayət qədər yetərli səbəbdir. Ancaq burada bir məqam da var ki, biz məhz ona görə daha çox qürurlanırıq. Bu, Avropa çempionu olan yığmamızın əsl milli komanda olmasıdır. Yəni məşqçi heyətindən tutmuş futbolçularına qədər hər biri azərbaycanlıdır, heyətdə legioner yoxdur.
Prezident İlham Əliyevin yığma komandamızı qəbul edərək məhz bu məsələyə xüsusi olaraq toxunması da bu uğurun ciddiliyini göstərir. Prezidentin söylədiyi kimi, minifutbolçular bu uğuru hansısa xüsusi şərait yaradılmadan, yaxud da ki, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilmədən qazanıblar. Ona görə bu  qələbə çox böyük qiymətə layiqdir. Bu qələbəni öz futbolçularımız, öz məşqçilərimiz halal zəhmətləri ilə qazanıblar.

İlham Əliyev bir reallığı da xüsusi olaraq vurğuladı ki, əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri belə əldə etmək olar. Minifutbol milli komandamız bunu əyani şəkildə göstərmiş oldu və hətta mütləq çoxluğun gözləmədiyi uğura imza atdı. Bu zəfər göstərdi ki, ən güclü rəqibləri məğlub etmək də mümkündür, əgər komanda ruhu, peşəkarlıq və vətənpərvərlik varsa...

Əlbəttə ki, Prezidentlə görüş futbolçularımızı qürurlandırmaqla yanaşı, yeni-yeni qələbələr qazanmaqları üçün mənəvi stimul verdi.
 
Uğurun səbəbi, zəhmətin bəhrəsi
 
Bəs bu zəfər necə qazanıldı? Qısa zamanda, ikinci cəhdində Azərbaycan minifutbol komandasının Avropa çempionu olmasının səbəbi nədədir?
Dövlət başçısı ilə görüşdə Azərbaycan Minifutbol Federasiyasının, həmçinin paytaxtın "Zirə" Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov az vaxtda bu uğura aparan yolun qısa xülasəsini təqdim etdi və bir daha bəlli oldu ki, həqiqətən də istənilən sahədə qısa zamanda uğurun qazanılması mümkündür. Əgər yüksək təşkilatçılıq bacarığı, istedad, peşəkar yanaşma, diqqət və qayğı, ən əsası isə milli ruhun, vətənpərvərliyin ən ali dəyər kimi qəbul edildiyi yerdə zəfər qaçılmazdır.
Təbii ki, Orxan Məmmədovun gənc mütəxəssis kimi işinin peşəkarı olması, təşkilatçılıq bacarığı onun 2018-ci ildən bu günədək Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri kimi fəaliyyətində bir daha özünü büruzə verir. Bu, əlbəttə ki, Prezident İlham Əliyevin yeni kadr islahatlarının, əksər sahələrdə gəncləşdirmə siyasətinin verdiyi uğurlu nəticənin təcəssümüdür.

Azərbaycan Minifutbol Federasiyası (AMF) ölkəmizdə bu idman növünün inkişafına və kütləviləşməsinə böyük töhfə vermiş "Azfar Group" şirkəti tərəfindən təsis edilib. 2008-ci ildən fəaliyyət göstərən "Azfar Group" şirkətinin ölkəmizdə minifutbolun inkişafına verdiyi böyük töhfə isə göz önündədir. Yəni həvəskar futbola peşəkar yanaşma "Azfar Group"un devizidir. Cəmi 14 ildə - 2008-2022-ci illər ərzində şirkət 34 müasir minifutbol meydançası yaradıb. 2017-ci ildə şirkət minifutbolun federasiyasını yaratmaq fikrinə gəlib.

Təbii ki, bu uğuların qazanılması vahid komanda şəklində ortaya qoyulan mükəmməl örnəyin göstəricidir. Bu işdə "Zirə" futbol klubunun, eləcə də Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibovun göstərdiyi xidmətlər uğurun davamlı olmasına real zəmin yaradıb. Orxan Məmmədovun bu yolda illərdir bərabər getdiyi, qazanılan zəfər fonunda işinin peşəkarı olduğunu növbəti dəfə sübut edən Taleh Nəsibova göstərilən etimad, düzgün aparılan islahatlar Azərbaycan adının futbol arenalarında çəkilməsində mühüm mərhələ oldu.

"Azfar Group" şirkətlər qrupunun rəhbəri Taleh Nəsibov deyib ki, federasiyanın yaradılmasının əsas təşəbbüskarı "Zirə" futbol klubunun fəxri prezidenti Orxan Məmmədovdur. Məhz Orxan Məmmədovun təklifi əsasında yalnız azərbaycanlılardan ibarət və milli ruha malik komanda yaradılıb və düzgün idarəetmə sayəsində qısa zamanda yüksək nəticələr əldə edilib.
 
Azərbaycan adına tarix yazmaq imkanı
 
Federasiya yaranmadan öncə, 2017-ci ildə Azərbaycanın Dünya Minifutbol Federasiyasına (WMF) üzv qəbul edilməsi üçün təşkilata müraciət edilir. Amma nədənsə, WMF Azərbaycanı üzvlüyə qəbul etmir. 2017-ci ildə Tunisdə minifutbol üzrə dünya çempionatı keçirilən zaman Dünya Minifutbol Federasiyasının dəvəti ilə "Azfar Group"un rəhbərliyi Orxan Məmmədov, Taleh Nəsibov və Azər Hüseynov bu ölkəyə səfər edərək orada WMF-nin rəhbər şəxsləri ilə görüşlər keçirirlər. Nəhayət, həmin il Azərbaycan Minifutbol Federasiyası təsis olunur və bir il sonra, 2018-ci ildə ölkəmiz Dünya Minifutbol Federasiyasına üzv seçilir. Federasiyanın təsisçisi isə "Azfar Group" və "Zirə" klubu olur.

Yeni yaradılan millimiz 2018-ci ildə Ukraynada keçirilən Avropa çempionatında qrupda qalır. Türkiyəyə qalib gələn yığmamız Macarıstan, Serbiya və Çexiyaya yenilir. Həmin il Azərbaycanda minifutbol üzrə ilk dəfə yerli çempionat da keçirilir. Milli komandamız 2019-cu ildə Avstraliyada keçirilən dünya çempionatına vəsiqə qazana bilmir. 2020-ci ildə Slovakiyada keçirilməli olan Avropa çempionatı isə qlobal pandemiya səbəbindən iki dəfə təxirə salınır. Nəhayət, bu ay Slovakiyada təşkil edilən Avropa çempionatında millimiz qitənin ən güclüsü olur.

Ümumiyyətlə, həvəskar futbola peşəkar yanaşma konsepsiyasının təşəbbüskarı "Azfar Group" şirkəti bir müddət əvvəl Azərbaycanda minifutbolun yeni inkişaf mərhələsini təqdim etmişdi. Uğurlu layihələr silsiləsinin davamı kimi şirkət tərəfindən təsis olunmuş Azərbaycan Minifutbol Federasiyasının fəaliyyəti ölkəmizdə həvəskar futbolçuları bir araya gətirmək və minifutbol idman növünü peşəkar müstəviyə çıxarmaq məqsədini daşıyır, yeni imkanlar və fərqli inkişaf istiqamətlərini özündə əks etdirir. Federasiya həvəskarlar arasında geniş vüsət almış minifutbolu peşəkar səviyyədə təşkil olunmuş və hər kəsin iştirak edə biləcəyi çempionatlar şəklində təşviq etmək və bu turnirləri ölkə miqyasına çıxarmağı qarşısına məqsəd qoyub. Müasir standartlara cavab verən minifutbol meydançalarının və həvəskar futbolçularla qurulmuş sıx əməkdaşlığın mövcudluğu AMF-nin bu istiqamətdə uğurlu fəaliyyətinin zəmanətidir.

Federasiyanın qarşısında duran əsas məqsədlərdən biri də minifutbol üzrə beynəlxalq qaydaların və standartların Azərbaycanda tətbiqini və ölkə minifutbolunun beynəlxalq minifutbol ailəsinə inteqrasiyasını həyata keçirməkdir. Bundan əlavə, bu əməkdaşlıq gələcəkdə AMF-nin dəstəyi ilə beynəlxalq turnirlərin Azərbaycanda keçirilməsi və ölkəmizin beynəlxalq minifutbol arenasında təşviq olunması deməkdir. Ən önəmlisi milli komandanın üzvləri AMF bayrağı altında keçirilən minifutbol üzrə turnirlərdə ən yaxşı nəticələr göstərən oyunçulardan ibarətdir. Bu isə ölkəmizin hər yerində, küçələrdə, məhəllələrdə, meydançalarda futbol oynayan hər bir həvəskar futbolçu üçün Azərbaycan adına tarix yazmaq imkanını verir.

Hazırda millimizi 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatı gözləyir. "Zirə" Futbol Klubunun prezidenti Taleh Nəsibovun başçılıq etdiyi komanda Slovakiyada Avropa çempionu olmaqla birbaşa mundiala vəsiqəni qazanıb. Demək, Azərbaycanın idman tarixinə şanlı səhifə yazan minifutbol millimizi gələn il yeni uğurlar, möhtəşəm idman nailiyyətləri gözləyir.

Bir sözlə, Azərbaycan Minifutbol Federasiyasının fəaliyyəti, yalnız azərbaycanlılardan ibarət yığmamızın qitə birincisi olması, ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl futbol təşkilatlarına örnəkdir, nümunədir!

"Azərbaycan" qəzeti

0